www.science.az
18.01.2018 11:01

Torpaqşünas alim Qurban Əzizovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib

Yanvarın 17-də AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda görkəmli torpaqşünas alim, aqrar elmlər üzrə fəlsəfə doktoru Qurban Əzizovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan akademik Məhərrəm Babayev görkəmli alimin mənalı və şərəfli ömür yolundan, ölkəmizdə aqrar sahənin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Qurban Əzizov torpaq tədqiqatlarında zəngin təcrübəyə malik, bacarıqlı bir alim idi. Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışan Q.Əzizov əsasən respublika torpaqlarının meliorasiyasına dair tədqiqatlar aparmışdır. Onun elmi yaradıcılığı dərinliyi, əhatəliliyi, elmi təhlili və məntiqi nəticələri ilə fərqlənmişdir.

Tədbirdə AMEA-nın müxbir üzvü Amin İsmayılov, professorlar Nizami Ağayev, Hamlet Aslanov, institutun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.ü.e.d Mustafa Mustafayev və başqaları Q.Əzizovun torpaqşünaslıq elminə gətirdiyi yeniliklərdən, tədqiqatlarının əhəmiyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.