www.science.az
17.07.2017 11:00

Şamaxı Astrofizika Rəsədxanasının veb-saytının yeni versiyası təqdim olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov, direktor müavinləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov, elmi katib, astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov və hər iki qurumun mütəxəssisləri iştirak edirdilər.

Öncə tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşlarını salamladı, bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.

Alim Azərbaycanda ilk veb-sayt olan science.gov.az-ın tarixi haqqında məlumat verərək onun 1995-ci ildə məhz rəhbərlik etdiyi qurumda fəaliyyətə başladığını bildirib. Qeyd edib ki, son dövrlərdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı Azərbaycanda olan veb-saytların da müasir tələblər əsasında yenidən qurulması zərurətini ortaya qoyub, akademiya da cəmiyyətin fəal hissəsi kimi bu prosesə qoşulub.

R.Əliquliyev AMEA rəhbərliyinin regionlarda yerləşən elmi qurumların inkişafına daim diqqət göstərdiyini və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirdiyini qeyd edib. Ölkənin elmi nailiyyətlərinin populyarlaşdırılması, alimlərin elmi nəticələrinin ölkə və dünya ictimaiyyətinə operativ çatdırlmasında yeni texnologiyaların, media vasitələrinin danılmaz rolunu vurğulayıb.   

70 ildir ki, Azərbaycan elmində xüsusi missiyanı yerinə yetirən Şamaxı Astrofizika Rəsədxanasının yeni veb-saytının hazırlanmasının da bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb.

Alim AR Prezidenti İlham Əliyevin elm və təhsilin inkişafına, alimlərin dünya elminə inteqrasiyası məsələsinə böyük önəm verdiyini, bu sahədə mütəmadi olaraq mühüm qərarlar qəbul etdiyini vurğulayıb. Bildirib ki, ölkə başçısının Şamaxı Rəsədxanasının maddi-texniki bazasının inkişafına diqqət ayırması bu qurumun əməkdaşlarının daha səmərəli fəaliyyətinə geniş imkanlar açıb. Yeni veb-sayt da öz növbəsində dövlətin rəsmi informasiya siyasətinin tərkib hissəsi kimi Rəsədxanaın fəaliyyəti ilə yanaşı, ölkədə və dünyada astronomiya elmində baş verən hadisələrin işıqlandırılması işlərini həyata keçirməlidir.

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək institutun mütəxəssisləri tərəfindən hazırlanmış “shao.az” veb-saytının AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğun hazırılandığını bildirib. Saytın AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirildiyini qeyd edib.

Sonra institutun sektor müdiri Əfruz Qurbanova “shao.az”ın informasiya təminatı haqqında çıxış edib. Bildirib ki, veb-saytda qurumun əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatların yerləşdirilməsi Azərbaycanda astronomiya elmi sahəsində əldə olunmuş nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmasında mühüm rol oynayır. O, saytın “Xəbərlər” bölməsində Rəsədxananın fəaliyyəti, burada təşkil olunan tədbirlər, astronomik hadisələr, yeniliklər, seminarlar, innovativ fəaliyyət, həyata keçirilən layihələr və s. dair məlumatların yerləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra institutun proqramçısı Yusif Sadıyev veb-sayt haqqında ətraflı məlumat verib. Bildirib ki, saytın ana səhifəsi “Rəsədxana haqqında”, “Rəsmi sənədlər”, “Elmi fəaliyyət”, “Elmi-təşkilati fəaliyyət”, “Dissertasiya şurası”, “Elmi nəşrlər”, “Xəbərlər”, “Media” və “Əlaqə” bölmələrindən ibarətdir.

Y.Sadıyev Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək saytın mobil versiyasının da hazırlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış bu resursda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər də mövcuddur. Veb-saytda, həmçinin Rəsədxananın əməkdaşlıq əlaqələri, burada keçirilən tədbirlərə, görüşlərə dair məlumatlar əldə etmək və video-görüntülərə baxmaq mümkündür.

Sonra çıxış edən Rəsədxananın direktoru Namiq Cəlilov institut və təşkilatların fəaliyyətinin geniş təbliğində saytların böyük rola malik olduğunu vurğulayıb. Bildirib ki, yüksək peşəkarlıqla hazırlanmış, müasir tələblərə cavab verən yeni veb-sayt Rəsədxananın dünya elminə açılmış bir pəncərəsi rolunu oynamaqla yanaşı, qurumun astronomiya elmi sahəsində meqalayihələrdə iştirakına geniş imkanlar yaradacaq. O, saytın zəruri məlumatlarla təmin olunması və Rəsədxananın fəaliyyətinin operativ işıqlandırılması istiqamətində qurumun əməkdaşları qarşısına xüsusi vəzifələrin qoyulduğunu qeyd edib. 

Rəsədxananın direktor müavini Elçin Babayev çıxış edərək ən son texnologiyaların tətbiq olunduğu veb-saytın ərsəyə gəlməsində göstərdiyi xidmətlərə görə institutun mütəxəssislərinə təşəkkürünü bildirib, iki qurum arasında əməkdaşlığın bundan sonra inkişaf edəcəyinə əminliyini ifadə edib.  

Sonda Rəsədxananın əməkdaşı Elnur Məmmədliyə shao.az-ın idarə olunması üzrə təlim kursunu başa vurduğuna görə sertifikat təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.