Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.06.2016 16:07
  • A-
  • A
  • A+

BTEB-in elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər keçirildi

BTEB-in elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər keçirildi

İyunun 22-də AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirildi.

Əvvəlcə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri diqqətə çatdırdı. Bildirdi ki, bugünkü iclasda bölmənin Molekulyar Biologiya və BiotexnologiyaZoologiyaGenetik Ehtiyatlar və Torpaqşünaslıq və Aqrokimya institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək.

Akademik Ə.Əmiraslanov qeyd etdi ki, seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunur.

Bildirildi ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, bölmənin bürosu və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülür. Əvvəlcə direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc olunur, bir ay müddətində sənədlər qəbul edilir. Daha sonra bölmədə gizli səsvermə yolu ilə seçkilər aparılır. Seçilən namizədlər AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunur.

İclasda bölmənin elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradıldı. Komissiyanın sədri akademik Qərib Məmmədov olmaqla, tərkibi (AMEA-nın müxbir üzvləri Nuru Bayramov və Sudeyif İmamverdiyev) seçildi.

Gizli səsvermə yolu ilə akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutu, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutu, aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyev isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə seçildilər.

Tədbirdə Botanika İnstitutunun elmi katibi, b.ü.f.d. Xuraman Xəlilovanın 60 illik yubileyinin keçirilməsi, Dendrologiya İnstitutunda Təhsil şöbəsinin yaradılması məsələlərinə də baxıldı.

Sonda bir sıra kadr məsələləri müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: