Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Akif Əlizadə: “Yaşadığımız dövr – genom və yüksək texnologiyalar əsridir”
08.10.2015 15:02
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə: “Yaşadığımız dövr – genom və yüksək texnologiyalar əsridir”

AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir. Məqsəd “Milan EKSPO-2015” tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirilən elmi-kütləvi konfransda iştirak etməkdir.

Nümayəndə heyətinə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, həmin idarənin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev daxildir.

AMEA-dan olan nümayəndə heyəti İtaliyanın Luqano şəhərində keçirilən konfransda iştirak edib. Tədbirdə akademik A.Əlizadə “İqtisadiyyat dövründə Azərbaycanın bitki ehtiyatlarının biomüxtəliflliyi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan öz torpaq-iqlim şəraiti və relyef müxtəlifliyi ilə biomüxtəlifliyin ən zəngin mərkəzlərindən biri hesab olunur.  Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda olması burada bitki aləminin unikal gen fondunun, yabanı və mədəni bitki müxtəlifliyinin mövcudluğunu qabaqcadan müəyyən etmişdir. Müasir tədqiqatlara əsaslanaraq demək olar ki, Azərbaycanın təbii florasında Qafqazın 70% bitki müxtəlifliyini təşkil edən 935 cins və 125 fəsiləyə aid 5000-nə yaxın bitki növü vardır.  AMEA rəhbəri bitkilərin bir çox növlərinin mənşəyi və kultivasiyası, meşələr və becərilən növlər, əhali tərəfindən  yabanı bitkilərdən ərzaq, dərman və təsərrüfat məqsədiylə istifadə, həmçinin taxıl, paxla, tərəvəz və bostan bitkiləri haqqında ətraflı məlumat verib.

Akademik A.Əlizadənin sözlərinə görə, 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə elmi-praktiki problemlərin həllini təmin etmək məqsədi ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu və regionda ilk Milli Genbank yaradılmışdır.

“Yaşadığımız dövr - genom və yüksək texnologiyalar əsridir” – deyə bildirən AMEA rəhbəri hazırda dünya elminin müəyyən strateji istiqamətinə müvafiq olaraq Azərbaycanın biomüxtəlifliyinin öyrənilməsi üzrə planların hazırlandığını diqqətə çatdırıb. Alim müəyyən edilmiş hədəflər və tədqiqat fəaliyyətinin ən yaxın illərdə yalnız Azərbaycana deyil, ümumilikdə dünya elminə öz dəyərli töhfələrini verəcəyinə əminliyini idadə edib. Qeyd edib ki, bu gün energetika, ərzaq və ekoloji təhlükəsizlik kimi qlobal problemlər siyasətçilər, iqtisadçılar, dünya alimləri və hər bir mütərəqqi insanı ən çox narahat edən məsələlərdir. Proqnozlara görə, 2050-ci ilə yaxın planetdə insanların sayı 9 milyarddan çox olacaq. Urbanizasiya sürətli templərlə artacaq, dünya əhalisinin təxminən 70%-i şəhər sakini olacaqdır.

Alim Yaxın gələcəkdə bəşəriyyəti gözləyən aclıq, xəstəlik (QİÇS, malyariya və vərəm), kəskin iqlim dəyişiklikləri, ərzaq, əhali artımı və digər problemlərdən söz açaraq bir sıra fakt və proqnozları da diqqətə çatdırıb.

Konfransda, həmçinin akademik Rasim Əliquliyev “Neft strategiyasından İKT strategiyasına: nailiyyətlər və perspektivlər” və g.-m.e.d. Adil Əliyev “Azərbaycanda palçıq vulkanları fenomeni” adlı məruzələrlə çıxış ediblər.

AMEA-dan olan nümayəndə heyəti İtaliyanın Türin şəhərinə də səfər edib. Onlar Türin Elmlər Akademiyasının prezidenti ilə görüşərək akademiyanın zəngin kitabxanası ilə tanış olublar. Görüş zamanı iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: