Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İnformasiya təhlükəsizliyinin aktual elmi problemləri müzakirə olunub
01.12.2020 10:39
  • A-
  • A
  • A+

İnformasiya təhlükəsizliyinin aktual elmi problemləri müzakirə olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq günün əhəmiyyətini önə çəkib, bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində müzakirələrin aparılması baxımından geniş imkanlara malik olduğunu qeyd edib.

Ötən il də rəhbərlik etdiyi qurumda informasiya təhlükəsizliyinə həsr olunmuş respublika konfransının keçirildiyini xatırladan akademik, həmin tədbirdə informasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemlərinə dair çıxışların dinlənildiyini bildirib.

Alim bugünkü tədbirdə Industry 4.0 kontekstində milli geoinformasiya infrastrukturunun təhlükəsizliyi, pilotsuz uçuş aparatlarının elmi nəzəri problemləri, eləcə də kiberfiziki sistemlərdə hücumların aşkarlanması kimi aktual mövzularda məruzələrin dinləniləcəyini, çıxışlar ətrafında geniş müzakirələrin aparılacağını diqqətə çatdırıb.

R.Əliquliyev informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinə AMEA-da elmi dəstək verildiyini, institutda informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı tədqiqatların aparıldığını bildirib.

Akademik R.Əliquliyev 2020-ci ili xarakterizə edərək cari ilin ölkəmizdə əsas etibarilə koronavirus pandemiyası və Qarabağ müharibəsində əldə olunan qələbə ilə yadda qaldığını deyib. Alim bildirib ki, COVID-19 virusunun vüsət alması informasiya-kommunikasiya texnologiyalarını bəşər tarixində ilk dəfə olaraq qlobal şəkildə aktuallaşdırmış və informasiya təhlükəsizliyinin əhəmiyyətini önə çəkib: “Bu gün artıq virtual texnologiyalar hər kəsin həyatında mühüm amilə çevrilib. Bütün dünyada informasiya təhlükəsizliyinin fəlsəfəsinə baxış dəyişib”.

Sonra akademik 44 gün davam edən Azərbaycan-Ermənistan müharibəsinin nəticələri və tarixi qələbəmiz ilə bağlı fikirlərini bölüşüb. Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müzəffər Azərbaycan ordusunun gücü və xalqın birliyi nəticəsində 30 ildən artıqdır ki davam edən münaqişənin qələbə ilə nəticələndiyini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu söyləyib.

AMEA-nın vitse-prezidenti bu müharibənin ilk növbədə ən müasir hərbi texnologiyaların tətbiq olunmasına və hibridliyinə görə digər müharibələrdən fərqləndiyini qeyd edib. O, Azərbaycanın silahlı qüvvələrinin uğurlar əldə etməsində süni intellekt texnologiyaları, pilotsuz uçuş aparatları və kosmik peyklərin əvəzsiz rolu olduğunu vurğulayıb. Bildirib ki, ölkə rəhbərinin hərbi sahədə apardığı məqsədyönlü islahatların nəticəsində intellektual texnologiyalarla təchiz olunmuş müasir və qüdrətli ordu formalaşıb.

R.Əliquliyev çıxışının sonunda ölkəmizin milli təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həllində alim və ziyalıların fəal iştirakının zəruriliyini vurğulayıb. Qeyd edib ki, müvafiq sahənin alimləri IV sənaye inqilabının çağırışlarını rəhbər tutaraq informasiya təhlükəsizliyinin prioritet istiqamətlərində tədqiqatlar aparmalı, mövcud problemlərin həlli ətrafında öz səylərini birləşdirməlidir.

Sonra tədbirdə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin “Industry 4.0 kontekstində milli geoinformasiya infrastrukturunun təhlükəsizliyi”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın “Pilotsuz uçuş aparatlarının əsasları və elmi nəzəri problemləri” və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın ”Kiberfiziki sistemlərdə hücumların aşkarlanması və analizi metodları” mövzularında məruzələri dinlənilib.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: