www.science.az
28.08.2019 16:25

Peru Respublikasının ölkəmizdəki səfiri AMEA Rəyasət Heyətində olub

Avqustun 28-də AMEA Rəyasət Heyətində Peru Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milaqros Kastanyon Seoane ilə görüş keçirilib. Əsas məqsəd birgə əməkdaşlıq perspektivləri və arxeologiya sahəsində iki ölkə alimlərinin müştərək tədqiqatlarda iştirakına dair müzakirələrin aparılması olub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonağı salamlayaraq, onu rəhbərlik etdiyi elm ocağında görməkdən məmnun olduğunu söyləyib. AMEA-da Perudan olan nümayəndə ilə görüşün ilk dəfə baş tutduğunu deyən alim bu tədbirin gələcəkdə iki ölkə arasında elm sahəsində əldə olunacaq birgə nailiyyətlərin başlanğıcı olduğunu bildirib.

A.Əlizadə səfirə 70 ildən artıqdır ki, fəaliyyət göstərən və ölkə elminin əsas mənbəyi hesab olunan AMEA-nın tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, akademiya bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Burada dünya elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elmi müəssisə və təşkilatları, eləcə də ali məktəbləri ilə çoxşaxəli əməkdaşlıq əlaqələri qurulur.

Sonra A.Əlizadə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda görülən işlər, aparılan tədqiqatlar və qurumun beynəlxalq əlaqələrindən danışıb. Qeyd edib ki, institut 10 ildən çoxdur ki, arxeologiya sahəsində dünya təcrübəsinin öyrənilməsi məqsədilə müxtəlif ölkə alimləri ilə əlaqələr qurur, birgə qazıntılarda iştirak edir. Bu əlaqələrin nəticəsi kimi müxtəlif aspektli müqavilələr imzalanır: “Biz Perunun müvafiq sahədə fəaliyyət göstərən alimləri ilə də münasibətlər qurmaq, müştərək layihələr icra etməkdə maraqlıyıq”.

Akademik A.Əlizadə Perudan olan alimləri AMEA-da arxeologiya sahəsində aparılan tədqiqatlar, arxeoloji ekspezisiyalar və qazıntı işləri ilə tanış olmaq məqsədilə ölkəmizə dəvət edib. Bildirib ki, ciddi elmi tədqiqatların aparılması və davamlı əməkdaşlığın təşkili üçün iki ölkə arasında rəsmi müqavilənin imzalanması zəruridir.

AMEA rəhbəri Peru alimlərinin azərbaycanlı həmkarları ilə birgə digər elmi istiqamətlərdə də əlaqələrinin qurulması üçün lazımi köməkliyi göstərəcəyini vurğulayıb.  

Daha sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova rəhbərlik etdiyi bölmənin fəaliyyətindən, elm sahəsinə verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, hazırda bölməyə Arxeologiya və Etnoqrafiya İnstitutu da daxil olmaqla, 8 elmi-tədqiqat müəssisəsi və 1 mu­zey aiddir.

N.Axundova diqqətə çatdırıb ki, arxeologiya sahəsində əldə olunan nəticələr Azərbaycanın müxtəlif qurumlarında təşkil olunan sərgilərdə ekspedisiyalar şəklində nümayiş olunur. Həmçinin Berlin, Tokio, Paris kimi böyük şəhərlərdə arxeoloq alimlərimizin əldə etdiyi nəticələrə dair sərgilər maraqla qarşılanır.

Alimlərimizin arxeologiya sahəsində xarici həmkarlarla həyata keçirdiyi birgə tədqiqatlar və əldə olunan mühüm nəticələr – əsasən qədim, erkən və orta əsrlər dövrünə aid məqalələr xarici jurnallarda öz əksini tapır. Bu da Azərbaycan alimlərinin elmi nailiyyətlərinin bütün dünyada tanınmasına imkan verir.

Bölmə rəhbəri, həmçinin Arxelogiya və Etnoqrafiya İnstitutunun 12 ölkənin iştirakı ilə Qara dəniz layihəsində iştirak etdiyini deyib. O, bu kimi müştərək layihələrin Peru alimləri ilə də həyata keçirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən səfir M.K.Seoane AMEA-da arxeologiya sahəsinin inkişafı istiqamətində görülən tədbirləri  yüksək qiymətləndirib, birgə əmkdaşlığın təşkili üçün hərtərəfli dəstək verməyə hazır olduğunu deyib.

Səfir Perunun Mədəniyyət Nazirliyinin tərkibində olan bölmələr, ayrı-ayrı elmi müəssisələr və ali məktəblərdə arxeologiya sahəsində araşdırmaların aparıldığını bildirib. O, müvafiq sferada görülən işlərlə yaxından tanışlıq və səmərəli əməkdaşlığın təşkili məqsədilə AMEA nümayəndə heyətini ölkəsinə dəvət edib.

Perunun qədim tarixə və mühüm arxeoloji tapıntılara malik olduğunu deyən M.K.Seoane bu ölkədə maddi sərvətlərin qorunması ilə bağlı ciddi qaydaların və cəza sisteminin tətbiq olunduğunu vurğulayıb. Qonaq Azərbaycan alimləri ilə birgə tədqiqatlarda iştirakın hər iki ölkənin mədəniyyətinin inkişafına müsbət təsir edəcəyinə inamını bildirib.

Sonda səfirə AMEA-nın əsas fəaliyyət istiqamətlərini əks etdirən buklet təqdim edilib, xatirə şəkli çəkilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d., dosent Esmira Əlirzayeva da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.