www.science.az
21.02.2019 15:48

Yüksək Texnologiyalar Parkı ilə tanışlıq Cənubi koreyalı alimlərdə böyük maraq doğurub

Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - Eun Yo Kim, So Hyun Kvon, Hoseo Universitetinin professoru Sanq Hyuk Suh və Hanbat Universitetinin professoru Yonq İn Çoi AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət ediblər.

Məqsəd burada həyata keçirilən layihələr və istehsal edilən məhsullarla yaxından tanışlıq olub.

Qonaqları YT Parkın infrastruktur üzrə direktor müavini, a.e.ü.f.d. Elxan Bayramov, strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin şöbə müdiri Bünyamin Seyidov müşayiət ediblər.

Əvvəlcə YT Parkın yeni yaradılan Strateji Elmi Analitik Sınaq Mərkəzinə baş çəkən qonaqlara bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının, həmçinin istehlak mallarında toksik elementlərin dəqiq sınağı həyata keçirilir.

Parkın rezidentləri - Təcrübə-Sənaye Zavodunun və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə tanışlıq zamanı STEPİ nümayəndələrinə bu müəssisələrdə istehsal edilən məhsulların hazırlanma texnologiyası barədə məlumat verilib. Bildirilib ki, burada beynəlxalq standartlara cavab verən 100-dən çox adda yüksək keyfiyyətli, rəqabətqabiliyyətli sənaye, sürtkü və mühərrik yağları, o cümlədən yüksək müalicəvi effektə malik Ağ Naftalan yağı istehsal olunur. 

Bundan əlavə, YT Park tərəfindən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə, həmçinin kənd təsərrüfatında istifadə olunan hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların hazırlandığı vurğulanıb.

Koreyalı alimlər YT Parkın fəaliyyətindən məmnunluqlarını ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.