Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu ərazilərdə geodinamik tədqiqatlar aparılıb
19.02.2014 00:00
  • A-
  • A
  • A+

Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu ərazilərdə geodinamik tədqiqatlar aparılıb

AMEA Geologiya İnstitutunun alimləri Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu ərazilərdə geodinamik vəziyyəti öyrənib və narahatlıq doğuracaq seysmik təhlükənin olmadığını müəyyən ediblər. Tədqiqatlar yer qabığının vertikal və horizontal hərəkətləri, həmçinin qruntun dinamik xüsusiyyətlərinin tədqiqi üzərində aparılıb. Bu məqsədlə nivelirləmə və qravimetrik ölçmələrdən istifadə edilib, boru boyu yerləşən 4 seysmik stansiyada zəlzələlər qeydə alınıb.

Tədqiqatlar “BP” şirkətinin dəstəyi ilə “BTC boru kəməri boyunca və ətraf ərazilərin geodinamik monitorinqi” adlı layihə çərçivəsində aparılıb. Layihənin rəhbəri institutun “Geodinamika və seysmologiya” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovdur. Onun sözlərinə görə, bəzi süxurlar zəlzələnin riskini və gücünü artırmaq qabiliyyətinə malikdir. Bu tədqiqatlar həmin təhlükələrin qiymətləndirilməsinə köklənib. 2008-ci ildən bu günə qədər görülmüş işlərə əsaslanaraq neft kəmərinin keçdiyi ərazilərdə geodinamik aktivliyin daim mövcud olduğunu, lakin hazırda boruya zərər yetirə biləcək təhlükənin müşahidə olunmadığını demək mümkündür. F.Qədirov tədqiqatların davam etdirilməsinin zəruri olduğunu və hazırda yeni layihənin təqdim edildiyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: