www.science.az
13.06.2016 16:00

“Unudulmaz məzun - Aida İmanquliyeva” kitabının təqdimatı olub

İyunun 13-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində bu təhsil ocağının və AMEA-nın Alimlər Evinin birgə təşkilatçılığı ilə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida İmanquliyevaya həsr olunmuş “Unudulmaz məzun - Aida İmanquliyeva” kitabının təqdimatı olub.

Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova məktəbin məzunu, görkəmli şərqşünas alim və pedaqoq, professor Aida İmanquliyevanın şərəfli ömür yolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb.

Professor A.İmanquliyevanın nəciblik, xeyirxahlıq, saflıq mücəssəməsi olduğunu vurğulayan S.Xanlarova alimin əziz xatirəsinin könüllərdə zaman-zaman yaşayacağını bildirib.

Sonra çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə böyük alim A.İmanquliyevanın elmi nailiyyətlərindən bəhs edib. Azərbaycan və dünya şərqşünaslığının inkişafında professor A.İmanquliyevanın müstəsna xidmətlərini qeyd edən A.Əlizadə təqdim olunan kitabın əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, alim şərqşünaslıq elminin nəzəri səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb və yeni elmi istiqamət yaratmağa müvəffəq olub. Akademik Akif  Əlizadə görkəmli alimlə bağlı xatirələrini də bölüşüb.

Daha sonra akademik Vasim Məmmədəliyev Azərbaycanın ilk şərqşünas qadın elmlər doktoru olmuş A.İmanquliyevanın ərəb ədəbiyyatının tədqiqinə, yeni elmi nəslin formalaşdırılmasına sanballı töhfələr verdiyini söyləyib. Qeyd edib ki, A.İmanquliyeva əsərləri ilə Azərbaycan şərqşünaslıq elmini yeni ideya və mövzularla zənginləşdirib. O, bu gün də əsərlərinə ən çox istinad edilən alimlərdəndir.

Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman ƏmiraslanovHumanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur KərimliŞərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva və Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva A.İmanquliyevanın nurlu xatirəsinin həmişə müqəddəs tutulacağını vurğulayıb, “Unudulmaz məzun - Aida İmanquliyeva” kitabının tariximiz, cəmiyyətimiz üçün dəyərli töhfə olduğunu bildiriblər.

Təqdimat alimin həyat yolundan bəhs edən filmin və məktəblilərin ifasında ədəbi-bədii kompozisiyaların nümayişi ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.