Türkiyəli ədəbiyyatşünas alim, Ankara Hacettəpə Universitetinin professoru Şükrü Haluk və Kastamonu Universitetinin ədəbiyyat fənni üzrə pedaqoji kollektivi AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar.
Qonaqlara böyük şair və dramaturq Hüseyn Cavidin zəngin ədəbi irsi, Hüseyn Cavidin ev-muzeyi və şairin istedadlı oğlu Ərtoğrol Cavidin aşıq yaradıcılığına dair araşdırmaları haqqında ətraflı məlumat verilib.
Hüseyn Cavidin yaradıcılığına böyük maraq göstərən türkiyəli qonaqlar muzeyin ekspozisiyası ilə yaxından tanış olublar.
Görüşdə bəşəri ideyaları təbliğ edən və türkçülüyün mühüm ədəbi-fəlsəfi irsini təşkil edən H.Cavidin bədii yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb. Professor Ş.Haluk Hacettəpə Universitetində görkəmli ədibin irsinin tədris olunması ilə bağlı bu elm ocağının rəhbərliyi qarşısında məsələ qaldıracağını bildirib. O, Azərbaycan-Türkiyə elmi, mədəni və ədəbi-bədii əlaqələrin inkişafı istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.