www.science.az
20.06.2015 18:39

Akademik Rasim Əliquliyev GEANT Assosiasiyasının Baş Assambleyasının iclaslarında və TERENA Şəbəkə Konfransında iştirak etmişdir

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Portuqaliyanın Porto şəhərində keçirilmiş beynəlxalq konfransda və bir sıra görüşlərdə iştirak etmişdir. Akademik 15-19 iyun 2015-ci il tarixlərdə TERENA Şəbəkə Konfransında (TNC15) və GEANT Assosiasiyasının Baş Assambleyasının iclaslarında iştirak etmişdir.

GEANT Assosiasiyasının təşkil etdiyi TERENA Şəbəkə Konfransı Avropa elm və təhsil şəbəkələri üzrə ən böyük və nüfuzlu konfrans hesab edilir. Hər il keçirilən konfransda 650-dən çox mütəxəssis iştirak edir. Konfrans Avropanın bütün aparıcı şəbəkə təşkilatlarını, ali təhsil müəssisələrini, şəbəkə mütəxəssislərini, ekspertləri, eləcə də sənaye nümayəndələrini bir araya gətirir. Tədbir iştirakçılarına elmi və texniki sahə ilə yanaşı, tətbiqi və idarəetmə sahələri üzrə tədqiqat şəbəkələrinin ən son nailiyyətləri barədə məlumat təqdim edilmişdir. Konfransın əsas mövzularına böyük verilənlərin emalı, (Big Data), bulud (Cloud) texnologiyaları, böyük həcmli verilənlərə əsaslanan elm sahələri, qlobal Eduroam, qitələrarası şəbəkələr, çoxdomenli şəbəkələr, proqramlaşdırılan şəbəkələr (SDN), informasiya təhlükəsizliyi və verilənlərin paylanması daxildir.

GEANT Avropanın 36 Milli Elm və Təhsil Şəbəkəsini birləşdirən assosiasiyadır. GEANT Assosiasiyasında və onun tərəfdaş olduğu layihələrdə Azərbaycanı müvafiq dövlət qurumlarının (AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə regional şəbəkənin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası EaPConnect (Eastern Partnership Connect) layihəsini maliyyələşdirməyə qərar vermişdir. Layihənin əsas hədəfi Şərq Tərəfdaşlığı regionundakı bütün ölkələri əhatə edən elektron elm infrastrukturu yaratmaq və bu regionda yaşayan və fəaliyyət göstərən 2 milyondan çox alim, gənc tədqiqatçı, müəllim və tələbələrə Avropa Birliyi ilə daha da sıx əməkdaşlıq imkanları tanımaqdır. Layihədə Şərq Tərəfdaşlığına qoşulan ölkələr qrupunun GEANT-a qoşulma sürəti cəmi 11.5Gbit/s əvəzinə 63 Gbit/s olması təklif edilir ki, bu da mövcud sürətin 5 mislindən çoxdur.

GEANT Assosiasiyası ilə sıx əməkdaşlıq edən İnformasiya Texnologiyaları İnstitutu sürətlə inkişaf edərək milli elm və təhsil şəbəkəsi olan AzScienceNet-in inkişafına nail olmuşdur. Hazırda AzScienceNet elektron infrastrukturu vasitəsilə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.