www.science.az
26.11.2020 12:31

“Azərbaycan tarixinin zəfər salnaməsi” kitabı işıq üzü görüb

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən II Qarabağ savaşında qazandığı zəfər tariximizə qızıl hərflərlə yazıldı. Uzun illərdən bəri dondurulmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövlət başçımızla şanlı ordumuzun və xalqımızın sarsılmaz iradəsi, birliyi və qardaş Türkiyənin böyük mənəvi dəstəyi nəticəsində qısa müddətdə Azərbaycanın böyük qələbəsi ilə sona çatdırıldı.

Bu gün bütün dünya erməni vandalları tərəfindən törədilən cinayət əməllərinin şahidi oldu. Yerli media ilə yanaşı, müxtəlif ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinin yayımladığı kadrlardan da göründüyü kimi, bir zamanlar qaynar həyatın hökm sürdüyü doğma torpaqlarımızda qurulub-yaradılan abad şəhər, kənd və qəsəbələrimizdən əsər-əlamət qalmayıb. Qeyd etdiyimiz məqamlar və digər bu qəbil məsələlər real faktlarla Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, I Qarabağ müharibəsinin iştirakçısı, yazıçı-publisist Şöhrət Səlimbəylinin “Azərbaycan tarixinin zəfər salnaməsi” kitabında öz əksini tapıb.

Prezident İlham Əliyevin xarici televiziya kanalları və informasiya agentliklərinə verdiyi müsahibələrin geniş yer aldığı kitabda Azərbaycan torpaqlarında separatçı rejimin dinc əhaliyə qarşı törətdiyi amansız terror aktlarının tarixən erməni siyasətçilərinin soyqırımı ideologiyasına əsaslanan məfhumların çağdaş mərhələlərdə ifadəsi olduğu da qeyd olunur: “Böyük dəyərlərə, yüksək ideallara köklənmiş xalqımız haqq sözünü deyərək Azərbaycanın cahanşümul dövlət olduğunu bir daha ortaya qoydu. Qardaş Türkiyə və Azərbaycan insanlıq adına işlənən suçlara qarşı birgə mövqe nümayiş etdirir. İşğaldan azad edilmiş torpaqlarımızın mənzərəsinə baxdıqca adam heyrətə gəlir. Erməni vəhşiləri Qarabağın coğrafi ərazisini, etnik tərkibini, iqtisadiyyatını, sosial-mədəni dəyərlərini, tarixi-mədəniyyət abidələrini, florasını və faunasını dağıdıb, bölgəni bütövlükdə bir məzarlığa çevirib. Muzeylər, məscidlər, məktəblər, mədəniyyət mərkəzləri, hətta məzarlıqlar dağıdılıb” .

“Avropa” nəşriyyatında çap edilən yeni nəşrin redaktoru filologiya üzrə elmlər doktoru Raqub Kərimov, rəyçisi filologiya üzrə elmlər doktoru Paşa Kərimov, hərbi məsləhətçisi ehtiyatda olan zabit, II qrup müharibə əlili Füzuli Rzaquliyev, məsləhətçisı yazıçı-publisist Şamil Cəfərdir. Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi isə filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlıdır.

Yeni nəşrdə XII, XIV, XV, XVI əsrlərdə yaşamış xarici səyyahların, tacirlərin, diplomatların, coğrafiyaşünasların Azərbaycan haqqında fikirləri də əks olunub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.