www.science.az
16.01.2020 11:12

İnformasiya Texnologiyaları İnstitutunda “AzEduNet” və “Enginet” şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzEduNet” və “Enginet” şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə müəssisənin texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov institutun Data Mərkəz, internet xidmətləri, şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet şəbəkəsi barədə məlumat verib. Qeyd edib ki, AzScienceNet 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir. AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 19 təhsil müəssisəsi də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

R.Ələkbərov təklif olunan 1 Gbit/san internet trafikdən 700 Mbit/san sürətin “AzEduNet” şəbəkəsinə təqdim olunduğunu diqqətə çatdırıb, trafikin 80 faizə qədərinin səmərəli istifadə olunduğunu deyib.

Direktor müavini GEANT Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən “EapConnect” layihəsi çərçivəsində internet sürətinin 3Gbit/san, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması üçün görülən işlər barədə də məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə 1 Gbit/san sürətli ehtiyat əlaqə kanalı çəkilib. R.Ələkbərov “AzEduNet” şəbəkəsinə təqdim olunan sürətin artırılması istiqamətində tədbirlərin görüldüyünü vurğulayıb.

Alim, həmçinin “EaPConnect” çərçivəsində reallaşdırılan layihələrin Azərbaycanda tətbiqi məsələlərindən danışıb. “EaPConnect”in bu ilin payızında ölkəmizdə keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”na (EaPEC 2020) hazırlıq işlərinin görüldüyünü nəzərə çatdırıb.

Görüşdə AzScienceNet-in “AzEduNet” və “Enginet” şirkətləri ilə uzun müddətdir davam edən əməkdaşlıq perspektivləri müzakirə edilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.