Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.10.2019 16:32
  • A-
  • A
  • A+

Akademik Arif Həşimovun 70 illik yubileyi Fizika İnstitutunda qeyd olunub

Akademik Arif Həşimovun 70 illik yubileyi Fizika İnstitutunda qeyd olunub

AMEA Fizika İnstitutunda energetika sahəsində tanınmış alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Azərenerji" ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.  

Əvvəlcə institutun direktoru, akademik Nazim Məmmədov çıxış edərək müstəqilliyimizin ilk illərində Fizika İnstitutunun dirçəlməsində Arif Həşimovun xüsusi xidmətləri olduğunu vurğulayıb. O, institutun dünya elmində qazandığı yüksək statusunun əsasının məhz akademik Arif Həşimovun rəhbərliyi illərində qoyulduğunu bildirib. Qeyd edib ki, alimin elektrofizika sahəsində elmi-tədqiqat işlərinə təkan verməklə yanaşı, həm də institutda aparılan bütün elm sahələrinin inkişafında böyük rolu olub.

Yubiley tədbirində çıxış edən Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov alimin ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, A.Həşimov 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsini bitirib və Fizika İnstitutunun Elektrofizika laboratoriyasında işə başlayıb. 2002-ci ildə Fizika İnstitutunun direktoru seçilən alim 2009-cu ilədək bu vəzifəni icra edib. O, hazırda Fizika İnstitutunun Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasının rəhbəri, eyni zamanda "Azərenerji" ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktorudur. 

C.Abdinov qeyd edib ki,  A.Həşimov 2007-2013-cü illərdə AMEA-nın birinci vitse-prezidenti olub. O, bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxuyub və Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrasının professoru olub. Görkəmli alim müasir elmin əhəmiyyətli istiqamətlərindən biri olan energetikanın fiziki-texniki problemləri sahəsində elmi-tədqiqat işləri aparıb.

Sonra Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abasova çıxış edərək akademik A.Həşimovun çoxillik səmərəli elmi, elmi-təcrübi və təşkilatçılıq fəaliyyətindən bəhs edib. O, alimi 70 illik yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə institutun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə  Mehdiyeva çıxış edərək bildirib ki, akademik Çingiz Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilib. O, A.Həşimovun 2003-cü ildə Çingiz Cuvarlının xatirəsinə həsr olunmuş “Energetikanın fiziki-texniki problemləri” mövzusunda beynəlxalq konfrasın keçirilməsində əsas təşəbbüskarlardan olduğunu diqqətə çatdırıb. Bidirib ki, həmin konfrans dünyanın müxtəlif ölkələrində 16 ildir ki, ənənəvi olaraq təşkil olunur. 

S.Mehdiyeva görkəmli alimin şəxsiyyətində xeyirxahlıq, peşəsinə olan sonsuz sədaqət hissi, yetirmələrinə göstərdiyi qayğıkeş münasibət kimi keyfiyyətlərin cəmləndiyini vurğulayıb.

Daha sonra institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov və digərləri çıxış edərək alimin yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərindən, yüksək insani keyfiyyətlərindən danışıb, yubilyarı təbrik ediblər.

Sonda çıxış edən akademik A.Həşimov tədbirin təşkilinə görə Fizika İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: