www.science.az
14.03.2019 09:34

“Millennium” layihəsi Azərbaycanda reallaşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun və Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Millennium” layihəsinin direktoru, professor Cerom Qlen (Jerome Glenn) ilə görüş keçirilib.

Tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev müzakirəyə təqdim olunan məsələlərin ölkəmiz üçün aktual olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Alim ölkəmizin gələcəyə inteqrasiyası ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyini və Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olması məqsədilə ölkə rəhbərliyi tərəfindən əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb.

R.Əliquliyev süni intellektin geniş yayılmasının cəmiyyətdə köklü dəyişikliklərə səbəb olduğunu qeyd edərək, dünyanın aparıcı ölkələrində bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb.

Sona Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, Fransanın Fəxri Legion Ordeninin kavalyeri Reyhan Hüseynova çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrindən söz açıb. O, bu qurumun Futuroloqlar Cəmiyyətinə hər zaman elmi dəstək verdiyini diqqətə çatdırıb. Bildirib ki, artıq 13 ildir ki, fəaliyyət göstərən cəmiyyətin yaradılmasında əsas məqsəd Azərbaycanda gələcək elmi istiqamətləri və müasir meylləri müəyyən etmək, dünyada bu sahədə gedən proseslərə qoşulmaqdır.

R.Hüseynova cəmiyyətin bir çox layihələrə imza atdığını, futurologiya elminin problemlərinin müzakirəsi məqsədilə müxtəlif səpkili tədbirlər keçirdiyini deyib. Məruzəçi rəhbərlik etdiyi cəmiyyətin qlobal, uzunmüddətli strategiyaların erkən xəbərdarlıq və təhlili üçün gələcəyin tədqiqatları ilə məşğul olan beyin mərkəzi – “Millennium” layihəsinin Azərbaycan bölməsi kimi fəaliyyət göstərdiyini bildirib. O, professor Cerom Qlenin rəhbərlik etdiyi layihənin dünyanın 65 ölkəsində nümayəndəliyinin olduğunu qeyd edib.

Sonra Azərbaycan Futuroloqlar Cəmiyyətinin Yüksək texnologiyalar və startaplar departamentinin əməkdaşı Kənan Həbibov Virtual “Universe Sandbox” layihəsi ilə bağlı və həmin departamentin əməkdaşı Elman Əhmədbəyov “Dünya iqtisadiyyatının inkişafında süni intellektin rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra professor Cerom Qlen “İnformasiya Cəmiyyəti və futurologiya. Gələcək futuroloqun gözü ilə” mövzusunda məruzəsini təqdim edib. Professor C.Qlen insan və texnologiyanın qarşılıqlı əlaqəsindən danışaraq texnologiyanın insan şüurunun, insan şüurunun isə texnologiyanın dəyişməsinə səbəb olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, texnologiyaların şüurlu şəkildə istifadə olunması insanların inkişafına gətirib çıxarır. Onun sözlərinə görə, bu qarşılıqlı təsir trendi, başqa sözlə texnologiyanın insanlara və insanların texnologiyaya inteqrasiya olunması ilə bəşəriyyət şüurlu texnologiyalar erasına daxil olur. Məruzəçi bildirdi ki, bu, informasiya və yüksək texnologiyalar ilə fəaliyyət göstərən sivilizasiyaların iş prinsipidir və orqanik təbii vəhdət əmələ gətirir.

C.Qlen gələcəyə dair proqnozlar verərək yaxın gələcəkdə insanın sağlamlıq vəziyyətini ölçən sensorlu “ağıllı” geyimlərdən hərbi sahədə geniş istifadə olunacağını, bu geyimlərin daha sonralar sıravi vətəndaşlar üçün əlçatan olacağını söyləyib. Həmçinin süni intellekt sayəsində dünyada hər şeyin bir-biri ilə bağlı olacağını və insan şüurunun eyni anda bir neçə yerdə olmasının mümkünlüyünü qeyd edib.

Professor C.Qlen ABŞ, Çin, Yaponiya kimi inkişaf etmiş ölkələrdə insan beyninin fəaliyyətinin araşdırılması ilə məşğul olan “İnsan beyni” mərkəzlərinin mövcud olduğunu vurğulayıb. O, hazırda “IBM”, “Microsoft”, “Google”, “Facebook” kimi dünyanın aparıcı şirkətləri tərəfindən “Süni beyin” layihələrinin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü qeyd edib.

C.Qlen rəhbərlik etdiyi “Millennium” layihəsi barədə məlumat verərək, bu təşkilat tərəfindən 55 tədqiqat layihəsinin həyata keçirildiyini vurğulayıb. Qeyd etdi ki, gələcəkdə işlənilməsi nəzərdə tutulan layihələrdən biri də dar çərçivəli süni intellektə keçid üçün dövlət səviyyəsində qaydaların işlənilməsi ilə bağlıdır. Professor bu layihə üzrə Azərbaycan üçün də təkliflərini səsləndirərək bu layihənin Azərbaycanda reallaşdırılması üçün öncə ilkin tədqiqatların aparılmasına ehtiyac duyulduğunu deyib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.