www.science.az
11.03.2019 14:34

Rəsədxanada “Tələbələr üçün astronomiya qış məktəbi” adlı tədbir keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 27 mart - Elm Gününə həsr olunan “Tələbələr üçün astronomiya qış məktəbi” adlı tədbir keçirilib. 

Üç gün davam edən tədbir ŞAR, “Azərkosmos”, Tusi-Bohm Planetarium və “AstroKlub” tələbə dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq ölkə başçısının “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladıb. O, qış məktəbinin sözügedən Sərəncamdan irəli gələrək təsdiqlənmiş tədbirlər planına əsasən baş tutduğunu bildirib. Qeyd edib ki, məqsəd tələbələrin astronomiya və kosmos elminə marağını artırmaqdır.

N.Cəlilov Elm günü çərçivəsində silsilə tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, qış məktəbində Bakı Dövlət Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universitetində təhsil alan 30-dan çox tələbəyə ŞAR-ın əməkdaşları tərəfindən astronomiyanın müxtəlif sahələrini əhatə edən məruzələr təqdim edilib və onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.