Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Vaqif Abbasov Belarusda elmi ezamiyyətdə olub
25.02.2019 11:11
  • A-
  • A
  • A+

Akademik Vaqif Abbasov Belarusda elmi ezamiyyətdə olub

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov Belarus Respublikasının Klinik Tibbi Mərkəzində elmi ezamiyyətdə olub.

Alim burada bioloji aktiv maddələrin və təbii əsaslı dərman preparatlarının istifadə perspektivlərinə dair müzakirələr aparıb.

Sonra Belarus Milli Elmlər Akademiyasının (BMEA) Bioüzvi Kimya İnstitutunu ziyarət edib, akademiyanın Kimya və Yer Elmləri Bölməsinin akademik-katibi, BMEA-nın müxbir üzvü Sergey Usanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Bioüzvi Kimya İnstitutunun direktoru, kimya elmləri üzrə fəlsəfə doktoru Svetlana Babitskaya, direktor müavini, BMEA-nın müxbir üzvü Yelena Kaliniçenko və laboratoriya müdiri, akademik Vladimir Xripaç çıxış edərək müəssisədə aparılan tədqiqat işləri barədə məlumat veriblər.

Akademik V.Abbasov da öz növbəsində rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyət istiqamətləri, burada aparılan tədqiqat işləri və əldə olunan nailiyyətlər, o cümlədən müalicəvi "Naftalan yağı" haqqında danışıb.

Azərbaycanlı alim daha sonra institutun laboratoriyaları ilə tanış olub. S.Usanov bildirib ki, Belarus rəhbərliyi BMEA qarşısında ölkədə neft kimyası və neft emalı, xüsusilə də ağır neftlərin emalı sahəsində tədqiqatların genişləndirilməsi məsələsini qoyub. O, Azərbaycan alimlərinin bu sahədə böyük uğurlarının olduğunu deyib və NKPİ-nin əməkdaşlarının 2019-cu il aprel ayında BMEA-da təqdimatlar keçməsini, həmçinin kompleks müqavilənin bağlanmasını təklif edib.

V.Abbasov təklifin məqbul olduğunu və rəsmi müraciət ediləcəyi halda müsbət cavablandırılacağını vurğulayıb.

Azərbaycanlı alim, həmçinin Belarus Səhiyyə Nazirliyinin Səhiyyədə Ekspertiza və Sınaqlar Mərkəzinin direktoru Sergey Marçenko ilə görüşüb və tibbi texniki vasitələrin qeydiyyatı qaydaları və zəruri sənədlər haqqında müzakirələr aparıb, eləcə də qurumun laboratoriyalarına baxış keçirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: