Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.02.2019 09:32
  • A-
  • A
  • A+

Misirin Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

Misirin Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Qahirə Universitetində olublar.

Səfər zamanı universitetin Humanitar elmlər fakültəsinin dekanı, professor Əhməd Əş-Şərbini Əs-Seyd, Şərq dilləri departamentinin rəhbəri Cəlal Əs-Səid əl-Həfnəvi və digər alimlərlə görüşlər keçirilib.

Görüşdə Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan Y.Mahmudov hər iki ölkənin tədqiqatçıları üçün ortaq tarixi əlaqələr və mədəni dəyərlərin araşdırılmasının vacibliyini vurğulayıb.

Akademik erməni təcavüzkarlarının müstəqil Azərbaycana qarşı işğalçılıq siyasətindən, xalqımıza qarşı törədilən soyqırımlardan, xüsusilə Xocalı soyqırımından bəhs edib: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidə, müsəlman irsi məhv edilir və tarix saxtalaşdırılır. Bu vandalizmə qarşı elmi müstəvidə birləşməliyik”.

Professor Əhməd əş-Şərbini isə öz növbəsində hər zaman Azərbaycanın haqlı davasında dəstək verəcəklərini bildirib. Bundan əlavə, Cəlal əl-Səid əl-Həfnəvi universitetdə yüzdən artıq tələbəyə xarici dil kimi Azərbaycan dilinin tədris edildiyini söyləyib.

Y.Mahmudov və Əhməd əş-Şərbini Azərbaycan həqiqətlərinin Misirdə daha geniş yayılması üçün yaxın zamanlarda Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Akademik görüşün sonunda universitetə Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”nı təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: