www.science.az
21.02.2019 14:49

“Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə faciə qurbanlarının və bütövlükdə Vətən uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin səbəbləri və bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, məkrli erməni cəlladları tarixi tоrpaqlarımız hesabına “böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, repressiya və deportasiyaya məruz qoyub, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə dəfələrlə xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb.

İ.Hacıyev ermənilərin Azərbaycan xalqına qarşı yönəltdikləri işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı soyqırımının tarixi faktlarını xatırladaraq vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib, öldürülənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr büsbütün məhv edilib.

Bölmə sədri bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb. Bildirilib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Xocalı faciəsinə gedən yol-faciənin səbəbləri”, həmin institutun elmi işçisi Sevinc Babayeva “Xocalı faciəsi:insanlığa qarşı cinayət, faciənin nəticələri”, Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı faciəsində erməni terror təşkilatlarının qəddarlığı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Xocalı ağrılı söz yaddaşımız” mövzusunda elmi məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.