www.science.az
21.02.2019 09:50

Mətnlərin avtomatik referatlaşdırılması üçün model təklif olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının beynəlxalq əməkdaşlıq çərçivəsində hazırladığı “COSUM: Klasterləşmə və optimallaşdırma əsasında mətnlərin referatlaşdırılması” adlı məqalə impakt faktoru 1.43-ə bərabər olan “Expert Systems” jurnalında dərc olunub. 

Məqalənin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Axen Reyn Vestfal Texniki Universitetinin (RWTH Aachen University) tələbəsi Nicat İsazadə, Malayziya Texnologiya Universitetinin Big Data Mərkəzinin elmi işçisi, fəlsəfə doktoru Asad Abdi və Malaya Universitetinin kompüter elmləri və informasiya texnologiyaları fakültəsinin elmi işçisi Norisma İdrisdir.

Məqalədə mətnlərin avtomatik referatlaşdırılması üçün klasterləşmə və optimallaşdırma metodlarına əsaslanan iki mərhələli cümlə seçimi modeli təklif olunub. Birinci mərhələdə mətndəki bütün mövzuları müəyyən etmək üçün k-means metodu ilə cümlələr klasterləşdirilir. İkinci mərhələdə isə hər bir klasterdən əsas informasiya daşıyıcıları olan, başqa sözlə klasterlərin semantik məzmununu özündə daşıyan cümlələrin seçilməsi üçün optimallaşdırma modeli təklif olunub. Bu modeldə optimallaşdırılan məqsəd funksiyası iki kriteriyalıdır. Birinci kriteriya funksiyası seçilmiş cümlələrin mövzu əhatəliyini, ikinci kriteriya funksiyası isə seçilmiş cümlələrin semantik cəhətdən müxtəlifliyini təmin edir.

Təklif edilmiş modeldə seçilmiş cümlələrin uzunluğuna nəzarət imkanı da var. Həmçinin təklif olunmuş metodun effektivliyinin qiymətləndirilməsi üçün o, digər metodlarla (14 metodla) müqayisə edilib.

Məqalədə optimallaşdırma məsələsinin həlli üçün adaptiv mutasiya strategiyasına malik diferensial təkamül alqoritmi işlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.