Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Tariyel Talıbovun 70 yaşı tamam olur
21.02.2019 09:32
  • A-
  • A
  • A+

Akademik Tariyel Talıbovun 70 yaşı tamam olur

Fevralın 22-də Azərbaycanın görkəmli bioloq alimi, Əməkdar elm xadimi, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun anadan olmasının 70 ili tamam olur.

Tariyel Hüseynəli oğlu Talıbov 22 fevral 1949-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. 1966-cı ildə Siyaqut kənd orta məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. Universiteti bitirdikdən sonra o, Azərbaycan EA Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi vəzifəsinə qəbul olunub.

Alim 1974-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (İndiki Naxçıvan Dövlət Universiteti) Kimya-biologiya kafedrasında baş laborant vəzifəsinə işə qəbul edilib, Biologiya kafedrasında müəllim, baş müəllim, Botanika kafedrasında dosent vəzifələrində işləyib, 1989-2003-cü illərdə Botanika kafedrasına rəhbərlik edib. 2003-cü ildən isə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktorudur.

T.Talıbov 1986-cı ildə "Naxçıvan MSSR-də ərik genefondunun qiymətləndirilməsi" mövzusunda namizədlik, 2003-cü ildə isə "Naxçıvan MR-in flora biomüxtəlifliyi, onun səmərəli istifadəsi və qorunması" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 2007-ci ildə professor elmi adına layiq görülüb. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzv seçilib.

Bioloq alim Naxçıvan MR-in flora və fauna biomüxtəlifliyinə, onların müasir vəziyyətinə, faydalı bitki sərvətlərinə, nadir, endemik, relikt, nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinə, onların səmərəli istifadə olunması və mühafizəsinə aid nəşr edilmiş 300-ə yaxın elmi məqalə, monoqrafiya, kitab, patent və xəritənin müəllifidir.

T.Talıbov tərəfindən noxudun “Qaraca - 85” və arpanın “Qılçıqlı - 85” sortları AR Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib və muxtar respublikada dənli taxıl və paxlalı bitkilər üzrə ilk dəfə olaraq yeni sortun alınmasına nail olunub. 

Onun rəhbərliyi altında 7 fəlsəfə və 2 elmlər doktoru hazırlanıb.

Akademikin çoxillik səmərəli elmi, elmi-təcrübi və təşkilatçılıq fəaliyyəti bir çox fəxri adlarla, təltif və mükafatlarla yüksək qiymətləndirilib. O, AR Təhsil Nazirliyinin, AMEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilib, ölkə başçısının 3 avqust 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Bundan əlavə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Yubiley qızıl medalı” ilə təltif edilib. Eyni zamanda təbiət elmləri sahəsində əldə edilmiş mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrə görə, 15 avqust 2015-ci ildə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb.

O, 2006-cı ildən indiyə kimi Beynəlxalq Təbiəti Mühafizə Fondunun Qafqaz ekoregionu üzrə Azərbaycandan biomüxtəlifliyin mühafizəsi üzrə Ekspert Şurasının üzvüdür. Hazırda həmin fondun “Cənubi Qafqazda bəbirlərin mühafizəsi” layihəsinə rəhbərlik edir.

T.Talıbov 2005, 2010 və 2015-ci illərdə 12 saylı Şərur rayon Seçki Dairəsindən III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilib.

Görkəmli bioloq alimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: