Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

20.02.2019 16:54
  • A-
  • A
  • A+

Müdafiə Nazirliyinin əməkdaşları YT Parkda istehsal olunan məhsullarla tanış olublar

Müdafiə Nazirliyinin əməkdaşları YT Parkda istehsal olunan məhsullarla tanış olublar

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Elmar Əliyev və Satınalma və Təchizat İdarəsinin zabiti, polkovnik-leytenant Oruc Yaqubov AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olublar. Görüşün keçirilməsində əsas məqsəd YT Parkda həyata keçirilən layihələr və istehsal olunan məhsullarla yaxından tanışlıq, eləcə də əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov qonaqlara rəhbərlik etdiyi müəssisənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı və bu sahədə sahibkarlığın dəstəklənməsi qurumun əsas məqsədlərindəndir.

Alim YT Parkda müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsal edildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, qurumda müxtəlif sahələr üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir.

Sonra Müdafiə Nazirliyinin əməkdaşları YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) fəaliyyəti ilə tanış olublar. TSZ-nin baş mühəndisi Adil Ağayev onlara Rusiya, Polşa və Azərbaycanda istehsal edilən sürtkü yağlarının müqayisəli şəkildə sınağını nümayiş etdirib. Belə ki, Rusiya və Polşa istehsalı olan məhsullar yüksək temperatur şəraitində əriyib. Ölkəmizdə istehsal olunan yağlar isə istiyə yüksək dözümlülüyü ilə fərqlənir ki, bu da Azərbaycan alimlərinin ixtirası olan məshulların keyfiyyətinin göstəricisidir.

Görüşdə, həmçinin YT Parkın rezidentlərinin istehsal etdiyi mühərrik, sənaye və sürtkü yağlarının dövlət müəssisələrində satınalınması ilə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

Müdafiə Nazirliyinin əməkdaşları YT Parkda həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər, iki qurum arasında müvafiq sahədə əməkdaşlığın təşkilində maraqlı olduqlarını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: