www.science.az
14.02.2019 16:10

Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair yeni nəşr

Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Bakı Dövlət Universiteti tərəfindən “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair metodik göstəriş” nəşr edilib.

Vəsait AMEA-nın aqrar elmlər üzrə müşaviri, akademik Qərib Məmmədovun rəhbərliyi ilə hazırlanıb.

Nəşrdə ilk dəfə müasir coğrafi informasiya sistemləri proqram təminatı əsasında respublika ərazisini əhatə edən, məkan məlumatlarından istifadəyə əsaslanan elektron kənd təsərrüfatı və digər dövlət informasiya sistemlərinin tələb etdiyi bütün miqyas spektrini, həmçinin interaktiv yenilənmə rejimini dəstəkləyən elektron xəritə platforması yaradılıb. Həmçinin torpaq, aqrokimyəvi, habelə multidissplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası işlənib.

Metodik göstərişin rəyçiləri Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, “DATUM” MMC-nin direktoru, texnika üzrə fəlsəfə doktoru Camal İsmayılov və Seul Milli Universitetinin professoru Hee-Myog Ru-dur.

Vəsaitdən bakalavr, magistr və doktorantlar, o cümlədən elmi-tədqiqat institutlarında, nazirlik və digər aidiyyatı qurumlarda tədqiqat işi aparan mütəxəssislər istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.