www.science.az
13.02.2019 14:18

Şərqşünaslıq İnstitutunda XVI-XVII əsrlər farsdilli ədəbiyyata aid kitab çap olunub

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda XVI-XVII əsrlər farsdilli ədəbiyyata aid kitab çapdan çıxıb. Rus dilində nəşr olunan “XVI-XVII əsrlərdə farsdilli poeziya” əsərinin müəllifi institutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazımovdur.

Əsər farsdilli ədəbiyyatın tarixinin nisbətən az öyrənilmiş bir dövrünə həsr olunub. Burada XVI-XVII əsrlərdə farsdilli poeziyanın bir sıra aspektləri nəzərdən keçirilir, o dövrün 9 nümayəndəsinin, o cümlədən Əbdi bəy Şirazi, Vəhşi Bafqi, Möhtəşəm Kaşani, Əbul-Feyz Feyzi, Ürfi Şirazi, Nəziri Nişapuri, Talib Amuli, Kəlim Kaşani və Saib Təbrizi yaradıcılığı tədqiq edilir. Əsərdə həmin şairlərin həyat yolu, ədəbi irsi izlənilir, onların poeziyasının ideya-məzmun əsası, janr xüsusiyyətləri nəzərdən keçirilir. Birinci fəsildə əvvəlcə araşdırılan dövrün İran və Hindistanda tarixi şəraiti və ədəbi mühiti təqdim edilir. İkinci fəsil isə adları qeyd olunan 9 şairin həyat və yaradıcılıq yoluna həsr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.