www.science.az
06.06.2014 00:00

AMEA Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi

Bu gün AMEA Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi.

Tədbirdə “Neft yataqlarının işlənilməsi” şöbəsinin aparıcı elmi işçisi, t.e.n. Bünyad Kazımovun “Süxurların relaksasiyalı və sürüngəcli deformasiya modellərini nəzərə almaqla neft yataqlarının işlənilmə göstəricilərinin ədədi hesablama üsullarının hazırlanması” mövzusunda məruzəsi dinlənildi.

B.Kazımov son illər ərzində reoloji deformasiyaların neft yataqlarının işlənilmə göstəricilərinə kompleks təsirinin müəyyənləşdirilməsi istiqamətində apardığı tədqiqatlar barədə məlumat verdi. Bildirildi ki, bu tədqiqatların vacibliyi layda gedən proseslərə təsir edən amilləri mümkün qədər tamlıqla nəzərə almaqla neft yataqlarının işlənilməsinin mövcud hesablama üsullarının təkmilləşdirilməsi ilə əlaqədardır.

Qeyd edildi ki, aparılmış tədqiqatlar nəticəsində istismar şəraitində süxurları relaksasiyalı və sürüngəcli deformasiyalara məruz qalan neft yataqlarının işlənilmə göstəricilərinin və həmçinin petrofiziki parametrlərinin təyininin müvafiq ədədi hesablama üsulları işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, bu deformasiyalar tükənmə rejimində işlənilən neft yataqlarının işlənilmə göstəricilərinə kifayət dərəcədə təsir göstərir. Aparılmış tədqiqat işləri həm fundamental, həm də tətbiqi əhəmiyyət kəsb edir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Tədbirdə, həmçinin ETİ-nin yerinə yetirilməsinin gedişatı, fənlərarası ETİ proqramlarının müzakirəsi və qəbul edilməsi, “Faza keçid proseslərinə yeni yanaşmaları nəzərə almaqla dərində yerləşən qazkondensat yataqlarının işlənilmə göstəricilərinin təyininin yeni metodologiyası əsasında modelləşdirilməsi” qrant layihəsinin yerinə yetirilməsi, “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, g.-m.f.d. Orxan Abbasovun “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə dosent elmi adına təqdim olunması məsələləri müzakirə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.