www.science.az
14.08.2014 00:00

Görkəmli alim Cavad Heyət son mənzilə yola salındı

Bu gün AMEA-nın Əsas binasında görkəmli alim və ictimai xadim, dünya şöhrətli cərrah, Paris Beynəlxalq Cərrahlar Akademiyasının həqiqi üzvü, qüdrətli nasir, görkəmli dilçi, ədəbiyyatşünas, folklorşünas, tarixçi, filosof, professor Cavad Heyətlə vida mərasimi keçirildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Öncə alimin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.

Tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev açaraq alimin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, 1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan C.Heyət Tehran və İstanbul universitetlərinin tibb fakültəsində təhsil almış, Paris Universitetində cərrahlıq ixtisasına yiyələnmişdir. Ürək üzərində apardığı uğurlu əməliyyatlar ona dünya şöhrəti qazandırmışdır. 1970-ci ildə nəşr etdirdiyi “Varlıq” dərgisi onu humanitar sahənin görkəmli mütəxəssisi kimi tanıtmışdır. Onun elmin müxtəlif sahələrində 6 monoqrafiya və 100-dən çox məqaləsi günümüzdə də öz elmi əhəmiyyətini qoruyub saxlayır. İ.Quliyev Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında və xalqımızın dünya elminə inteqrasiyası istiqamətində alimin müstəsna xidmətlərə malik olduğunu vurğuladı.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Şimali və Cənubi Azərbaycanın böyük vətənpərvər övladı C.Heyətin istedadlı cərrah olmaqla yanaşı, Azərbaycan ədəbiyyatına, dilinə və tarixinə də ləyaqətlə xidmət etməsindən söz açdı. C.Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatların mühüm əhəmiyyət kəsb etdiyini söyləyən A.Rzayev bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunduğunu diqqətə çatdırdı.

Tədbirdə, həmçinin AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, tanınmış cərrah, professor Hidayət İsayev, AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Tofiq Hacıyev çıxış edərək alimin Azərbaycan elminin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən söz açdılar.

Sonda mərhumun ailə üzvləri adından professor Ağabəy Azərbaycani çıxış edərək mərhumla bağlı xatirələrini bölüşdü.

Sonra alimin cənazəsi son mənzilə yola salındı. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırıldı.

Şərəfli ömür yaşamış Cavad Heyətin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Vida mərasimindən video görüntü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.