Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli alim və ictimai xadim, professor Cavad Heyət vəfat edib
12.08.2014 00:00
  • A-
  • A
  • A+

Görkəmli alim və ictimai xadim, professor Cavad Heyət vəfat edib

Azərbaycanın elmi-ədəbi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli alim və ictimai xadim, dünya şöhrətli cərrah, Paris Beynəlxalq Cərrahlar Akademiyasının həqiqi üzvü, qüdrətli nasir, professor Cavad Heyət 89 yaşında vəfat edib.

1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.

Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professor olmuş Cavad Heyət əlli ildən çox müddətdə cərrahlıqla məşğul olub.

Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub.

1983-cü ildə isə cərrahiyyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib.

Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir.

C.Heyət cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində mühazirələr oxumaq üçün dəvətlər alıb.

Cavad Heyət həmçinin “Varlıq” dərgisinin təsisçisidir. O, 36 ildən çox müddətdə türk və fars dillərində nəşr olunan bu ədəbi-mədəni dərgini nəşr etdirib.

Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.

O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin eləcə də İstanbul Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədridir.

Görkəmli alim Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.

Tanınmış alim Cavad Heyətin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin.

C.Heyətlə vida mərasimi 15 avqust 2014-cü il tarixdə saat 12:00-da AMEA-nın Əsas binasının Dairəvi zalında keçiriləcək.

Mərhum Fəxri Xiyabanda dəfn olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: