www.science.az
11.08.2014 00:00

İran Aşıqlar Birliyinin sədri aşıq Səlcuq Şahbazi Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

İran Aşıqlar Birliyinin sədri, aşıq Səlcuq Şahbazi AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib. Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonağa Hüseyn Cavidin həyat və yaradıcılığı, ev muzeyi və Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin aşıq yaradıcılığına dair araşdırmaları haqqında geniş məlumat verib. G.Babaxanlı bildirib ki, Ərtoğrol Cavidin Azərbaycanın bölgələrini gəzərək topladığı folklor nümunələri muzey tərəfindən toplanaraq sistemləşdirilib və “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adı altında 10 cildə nəşr etdirilib.

S.Şahbazi Cənubi Azərbaycanlı Əkbər Həmidi Əlyarın fars dilində tərcümə edərək nəşr etdirdiyi Hüseyn Cavidin “Peyğəmbər” əsərini və özünün müəllifi olduğu, 40 il ərzində topladığı Cənubi Azərbaycanın aşıq havalarının yer aldığı “İran aşıqları və ədəbiyyatı” kitabını hədiyyə edib. Muzeyin direktoru G.Babaxanlı isə qonağa muzeyin dəyərli nəşrlərindən olan “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyini hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.