Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tovuz arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqatların ilkin mərhələsi yekunlaşıb
07.08.2014 00:00
  • A-
  • A
  • A+

Tovuz arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqatların ilkin mərhələsi yekunlaşıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin başçılıq etdiyi ekspedisiya bu ilin təqvim-planı üzrə Tovuz rayonunda nəzərdə tutulmuş tədqiqat işlərinin ilkin mərhələsini yekunlaşdırmışdır.

Tovuz rayonu ərazisində yerləşən və e.ə. VI minilliyin I yarısına aid Göytəpə neolit yaşayış məskənində qədim yaşayış kompleksinin ərazisi də daxil olmaqla, nəzərdə tutulmuş arxeoparkın inşası üçün ilkin virtual layihələndirmə işləri aparılmışdır.

Göytəpə arxeoloji kompleksindən təqribən 1 kilometr qərbdə yerləşən Hacıəllamxanlı qədim yaşayış məskəninin tədqiqi davam etdirilmişdir. Təsdiq edilmişdir ki, Hacıəllamxanlı yaşayış məskəninin qədim sakinləri məhz sonradan Göytəpə və həm dövr məskənlərə köç etmişlər. Məskəndən aşkar edilmiş üzvü qalıqların üzərində Tokio Universitetində aparılmış radiokarbon analizi Hacıəllamxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərmişdir. Beləliklə, Hacıəllamxanlı yaşayış məskənini Azərbaycanda neolitə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar.

Fransa Milli Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə birgə Goytəpə arxeoloji kompleksindən 8 kilometr şərqdə yerləşən Menteş qədim yaşayış yerində də əsaslı arxeoloji araşdırmalar aparılıb. Qeyd edək ki, arxeoloji qazıntılar özündə bizim eramızdan əvvəl VI minillikdən etibarən III minilliyə qədər dövrü əks etdirən Cənubi Qafqazda mükəmməl bir yaşayış yerini üzə çıxarmışdır. Buna görə də Menteş qədim yaşayış yeri Cənubi Qafqazda xüsusi özəllikləri ilə seçilən arxeoloji abidə hesab edilir. Bu, ondan irəli gəlir ki, qədim yaşayış yerində bizim eramızdan əvvəl VI minillikdən III minilliyə qədər müəyyən kiçik fasilələrlə uzun bir yaşayış dövrü müşahidə edilib. Dövrlər müvafiq olaraq üst təbəqədən alt təbəqəyə qədər ardıcıllıqla davam edib. Menteş qədim yaşayış yerindən əldə edilən materiallar Azərbaycan və Fransa mütəxəssisləri tərəfindən kameral tədqiq edilməkdədir.

Hazırda Tovuz arxeoloji ekspedisiyası rayon ərazisində digər yeni abidələrin müəyyənləşdirilməsi, qeydiyyatı və ötən il tədqiqatlarda aşkar edilmiş tarixi abidələrin (məsələn, son tunc və erkən dəmir dövrünə aid Topdağdağan kurqan nekropolu) tədqiqatını aparmaqdadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: