www.science.az
10.01.2019 12:31

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) laboratoriya rəhbəri, fizika üzrə fəlsəfə doktoru Fərid ƏhmədovRadiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov Türkiyənin Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, professor Ercan Yılmazla görüşüblər.

Azərbaycanlı alimlər qurumun yarımkeçirici cihazların istehsalı istiqamətində apardığı elmi-tədqiqat işləri və istehsal imkanları ilə tanış olublar.  

Görüşdə SETM və Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi arasında birgə yeni silisium əsaslı PİN fotodiodların, alfa zərrəcik və termal neytron detektorlarının hazırlanmasına dair razılıq əldə olunub. Bildirilib ki, bu tip qeydedicilər dozimetrlərdə, spektroskopiyada, aşağı və yüksək enerjilər fizikasında, təhlükəsizlik və sənayenin müxtəlif sahələrində tətbiq ediləcək.

Səfər çərçivəsində, həmçinin Azərbaycan alimlərinin təklifləri əsasında hazırlanmış silisium əsaslı yarımkeçirici fotoqeydedicilər və onların tətbiq sahələri haqqında F.Əhmədov tərəfindən seminar təşkil edilib. Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.