Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində 2018-ci ilin yekunlarına həsr olunan iclas keçirilib
26.12.2018 10:06
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində 2018-ci ilin yekunlarına həsr olunan iclas keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan iclası keçirilib.

Əvvəlcə bölmənin elmi-tədqiqat müəssisələrinin cari ildəki nəşrlərindən ibarət sərgiyə baxış olub.

Sonra bölmənin sədri, akademik İsmayıl Hacıyev qurumun 2018-ci ildəki fəaliyyətinə dair məruzə ilə çıxış edib. Bildirib ki, hesabat ilində ölkə başçısının, AR Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, həmçinin AMEA Rəyasət Heyətinin sərəncam, qərar, tapşırıq və tövsiyələri bölmənin elmi-tədqiqat müəssisələrində yüksək səviyyədə icra olunub.

O, cari ildə Naxçıvanın tarixi, maddi-mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi və qədim əlyazmalarına həsr edilən tədqiqat işlərinin aparıldığını söyləyib.

Akademik hesabat ilində bölmə əməkdaşlarının 23 monoqrafiya, 15 kitab, 4 kitabça, 3 metodik vəsait, 9 buklet, 555 elmi məqalə (48-i impakt faktorlu jurnalda), 213 konfrans materialı və 7-si tezis olmaqla 820 elmi əsərinin nəşr olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, tədqiqat dövründə 4 patentin təqdim edildiyini deyib.

Qurumun beynəlxalq əlaqələrindən də söz açan İ.Hacıyev Türkiyə, İran, Rusiya, Gürcüstan, ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlığın aparıldığını vurğulayıb.

İsmayıl Hacıyev istehsal yönümlü tədqiqatlar və onların nəticəsindən də danışaraq bildirib ki, Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığına əsasən, bölmədə palçığın kimyəvi analizi aparılıb, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib. Həmçinin Biləv kəndi ərazisindən alüminium sulfat tərkibli süxur analiz olunub, süxurdan kalium alüminium zəyinin, alüminium sulfatın və alüminium hidroksidin alınması texnologiyası işlənilib. Eyni zamanda Darıdağ termal suyunun quru qalığını almaq üçün şərait yaradılıb və məhsul istehsalına başlanılıb.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazi florasında elmi və xalq təbabətində istifadə olunan, Farmakopeyaya daxil edilən 132 rəsmi dərman bitkisi müəyyənləşdirilib. Dərman bitkiləri toplanılıb, steril şəraitdə qurudulub, qarışıqların hazırlanması üçün sertifikatlar alınıb. Qarışıqlar standartlara uyğun reseptlər əsasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib.

Məruzə dinlənidikdən sonra akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri - Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Əliəddin Abbasov, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyev çıxış edərək bölmədə il ərzində həyata keçirilən işləri yüksək qiymətləndiriblər.

Tədbirdə еlmi fəаliyyətlərinə görə, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev və Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov "İlin alimi" fəхri adına layiq görülərək bölmənin Rəyаsət Hеyətinin fəxri fərmanı ilə təltif ediliblər.

Sonda elmi-tədqiqat müəssisələrinin illik elmi fəaliyyətlərini əks etdirən videogörüntü nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: