Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.12.2018 14:48
  • A-
  • A
  • A+

"Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda respublika elmi konfransı keçirilib

"Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda respublika elmi konfransı keçirilib

Dekabrın 19-da AMEA-nın Humanitarİctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda respublika elmi konfransı keçirilib.

Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncamlar imzaladığını xatırladıb. Bildirib ki, bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı AMEA Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, cari ildə Humanitar və İctimai elmlər bölmələrinin elmi müəssisələrində bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilib, məqalələr, kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyalar nəşr olunub, sərgilər təşkil edilib.

Cümhuriyyət dövründə Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və ədəbiyyatının özünəməxsus inkişaf yolu keçdiyini söyləyən akademik bu gün AXC irsinin tədqiqi istiqamətində mühüm addımların atıldığını deyib.

Cəmi 23 ay mövcud olan AXC-nin Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırladığını deyən akademik Cümhuriyyət ideyalarının hər zaman ümummilli lider Heydər Əliyev və ölkə başçısı İlham Əliyev tərəfindən yaşadıldığını, sözügedən sərəncamların şanlı tariximizə diqqət və qayğının göstəricisi olduğunu bildirib.

İ.Həbibbəyli AXC-yə dair tədqiqatların gələcəkdə də sistemli şəkildə davam etdiriləcəyini vurğulayıb.

Sonra çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova AXC-nin milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu bildirib. Qeyd edib ki, iki ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq AXC çətin tarixi vəzifəni şərəflə yerinə yetirib, bu dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib.

Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin olunduğunu deyən akademik qeyd edib ki, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordu yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Akademik cümhuriyyət dövründə Azərbaycanın ilk universitetinin təsis olunduğunu, təhsilin milliləşdirildiyini, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlandığını, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldüyünü bildirib.

Konfransda, həmçinin Azərbaycan Dillər Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, AMEA-nın professoru Aynur Sabitova "Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında milli dövlətçilik və istiqlal ideyaları", Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu "Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri", Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Alxan Bayramoğlu "Azərbaycan Cümhuriyyəti dövründə ədəbi hərəkat", Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov "Azərbaycan milli məfkurəsinin inkişafında AXC-nin yeri və rolu", Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqova "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti", Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə "Azərbaycan cümhuriyyəti və maarifçilik fəlsəfəsi" və Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, dosent Paşa Kərimov "Nəsib bəy Yusifbəylinin "Təslim" hekayəsində müasir təhsil məsələləri" adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: