Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.12.2018 09:29
  • A-
  • A
  • A+

Muzeydə admiral Cəlil Cavadovun 100 illik yubileyi qeyd olunub

Muzeydə admiral Cəlil Cavadovun 100 illik yubileyi qeyd olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk admiralı Cəlil Cavadovun 100 illiyinə həsr olunan “Admiral Cavadov. Həyatı, döyüş və xidməti yolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə AR Mədəniyyət naziri Əbülfəs Qarayev, AR Müdafiə Nazirliyinin, o cümlədən Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin, Azərbaycan Hərb Tarixi Muzeyinin, həmçinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi, AR Veteranlar Təşkilatının nümayəndələri, bir sıra dövlət arxivlərinin, muzeylərin, elmi idarələrin əməkdaşları, eləcə də hərb tarixçiləri və admiralın ailə üzvləri iştirak ediblər.

Konfransı muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq admiral Cəlil Cavadovun ömür yolu və xidməti fəaliyyətindən danışıb. Hərbi vətənpərvərlik işinin təşkilinin, həmçinin tariximizin təbliğinin önəmini qeyd edən alim C.Cavadovun həyat yolunun araşdırılması və geniş ictimaiyyətə, gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov “Azərbaycanın ilk admiralı” mövzusunda məruzə ilə çıxış edib.

Müdafiə Nazirliyi mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev admiral Cəlil Cavadovun II Dünya müharibəsi dövründə keçdiyi döyüş yolundan danışıb.

AR Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev admiralın Azərbaycanın hərb tarixində özünəməxsus yeri olduğunu vurğulayıb, onun Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirdiyi hərbi əməliyyatların araşdırılmasının vacibliyini bildirib.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin 50-dən artıq eksponatları əsasında hazırlanmış və admiralın həyat yolunu əks etdirən sərgi nümayiş olunub. Eksponatlar sırasında admiralın diplomları, şəxsi əşyaları, hərbi geyimi, silahı, orden və medalları, fotoşəkilləri xüsusi maraq doğurub.

Eyni zamanda, “Hədəf” liseyi və “Günəş” art-studiosunun hazırladığı “İlk admiralımız” adlı uşaq rəsmlərindən ibarət sərgi də təşkil edilib.

Bundan əlavə, Səbuhi Əhmədovun “Admiral Cavadov. Həyatı, döyüş və xidməti yolu” kitabının təqdimatı olub.

Admiral C.Cavadovun qızı - Mədəniyyət Nazirliyi muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sonda C.Cavadovun həyatı, döyüş və xidmət yolunun tədqiq və təbliğində xidmətləri olan şəxslərə təşəkkürnamələr, rəsm sərgisində iştirak etmiş məktəblilərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: