Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2018 12:51
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Dekabrın 18-də AMEA Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib. 

Əvvəlcə bölmənin akademik-katibi, akademik Teymur Kərimli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Dövlət başçısının “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı barədə məlumat verən alim elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması, elmi informasiyanın əlçatanlığının təmin edilməsi və digər məsələlər üçün vahid elektron məlumat sisteminin yaradılmasının zəruriliyini vurğulayıb. O, vahid elektron məlumat sisteminin tədqiqat işlərinin plagiatlığının yoxlanılması istiqamətində də önəmli rol oynayacağına əminliyini ifadə edib.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb. Müvafiq elmi müəssisələr üzrə elmlər doktoru hazırlığı istiqamətində bir neçə dissertasiya mövzusunun adında dəyişiklik edilib. Həmçinin bölmə sənətşünaslıq üzrə fəlsəfə doktoru Namiq Abbasovun Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb. Bundan başqa, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib. 

Sonra cari məsələlərə baxılıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Tehran Mustafayevin AMEA-nın Fəxri fərmanına layiq görülməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun "Müasir türk ədəbi dillərinin ortaq terminologiyasının mənbələri və söz yaradıcılığının inkişaf meyilləri" adlı qrant layihəsi ilə bağlı müzakirə aparılıb, müvafiq qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: