Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış mərasimi olub
17.12.2018 16:15
  • A-
  • A
  • A+

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış mərasimi olub

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə baxıblar.

Bağlanış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, AR Mədəniyyət naziri Əbülfəs Qarayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş iştirak ediblər.

Mərasimdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək cari ildə əlamətdar hadisə ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, Tədbirlər Planına əsasən, Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə xatın, Yusif Küseyr oğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin ISESCO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Bundan əlavə, “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları, eləcə də məşhur naxçıvanlı mütəfəkkir Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliliyinin birinci cildi tərcümə edilərək nəşr olunub.

Tədbirdə, həmçinin Amina Əl-Həcri və Əbülfəs Qarayev çıxış edərək İslam dünyasında mühüm coğrafi və strateji mövqeyə malik olan Naxçıvan şəhərinin mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamasından danışıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: