Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tatarıstanda “Türkologiya” jurnalının fəaliyyəti barədə məlumat verilib
12.12.2018 11:22
  • A-
  • A
  • A+

Tatarıstanda “Türkologiya” jurnalının fəaliyyəti barədə məlumat verilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Tatarıstan Respublikası Elmlər Akademiyasının Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda “Türkologiya” jurnalı və Azərbaycanda türkoloji araşdırmalar” mövzusunda məruzə ilə çıxış edib.

O, çıxışında “Türkologiya” jurnalının tarixindən söz açaraq, bu mətbu orqanın fəaliyyət istiqamətləri, əhatə etdiyi mövzular, jurnalın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib. Məruzəçi qeyd edib ki, akademik Kamal Abdullayevin jurnala baş redaktor təyin edilməsindən sonra görülən işlər artıq öz bəhrəsini verib. Hazırda jurnalda dünyanın bir çox ölkələrindən göndərilən sanballı elmi məqalələr dərc olunur və artıq bu mətbu orqan MLA, SAJI, SIS, TEI, SOBIAD, CIF kimi beynəlxalq indekslərə salınıb.

Azərbaycanda aparılan türkoloji tədqiqatlardan da danışan E.İbrahimov qeyd edib ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu türk dillərinin tədqiqi sahəsindəki keçmiş ənənələri davam etdirir, dünya türkoloji mərkəzləri və qurumları ilə əlaqələr qurur, yaxından əməkdaşlıq edir.

Tədbirdə çıxış edən türk dünyasının tanınmış alimi, akademik Mirfatih Zəkiyev "Türkologiya" jurnalının fəaliyyətini yüksək qiymətləndirib. Alim bildirib ki, akademik Kamal Abdullayevin jurnalın baş redaktoru təyin edilməsi bu nəşrin dünya standartları səviyyəsində çap olunmasına öz töhfəsini verməkdədir. O, Azərbaycanda türkoloji araşdırmaların daha dərinləşdiriləcəyinə və mühüm elmi nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: