Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi açılıb
10.12.2018 09:33
  • A-
  • A
  • A+

Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi açılıb

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, elmi katib, tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva, şöbə müdirləri - professor Tofiq Mustafazadə və tarix üzrə elmlər doktoru İradə Bağırova Polşada ezamiyyətdə olublar.

Səfər çərçivəsində Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması ilə bağlı müqavilənin imzalanma mərasimi keçirilib. Müqaviləni Varşava Universitetinin rektoru Marçin Palıs, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov və akademik Yaqub Mahmudov imzalayıb. Mərkəzin rəhbəri institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundova təyin olunub.

Mərasimdə Həsən Həsənov, AR Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktor müavini Aliyə Ağazadə, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa və Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya çıxış edərək mərkəzə görə Tarix İnstitutuna təşəkkürlərini bildiriblər.

Daha sonra Varşava Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsində professor Tofiq Mustafazadənin “Tarixdə erməni məsələsi” kitabının (ingiliscə) təqdimatı keçirilib. Bu əsər alimin “Erməni məsələsi”ndən erməni terrorizminə” kitabının (2016) ingilis dilinə tərcüməsidir və Varşavada çap olunub. Nəşrin elmi redaktorları Yaqub Mahmudov və İradə Məmmədovadır. Kitabda “Erməni məsələsi”nin tarixi, uydurma məsələnin beynəlxalq diplomatiyanın gündəminə gətirilməsi, ermənilərin silahlandırılaraq qiyamlara və terror əməlləri törətməyə təşviq edilməsi prosesi danılmaz faktlar əsasında təsvir olunur.

Azərbaycanlı alimlər səfər zamanı Poznan Universitetinin Tarix fakültəsinin rəhbərliyi və Şərqşünaslıq fakültəsinin professorları ilə görüş keçiriblər. Görüşdə ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılıq əldə olunub. Bundan əlavə, Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında Polşanın baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun barelyefini ziyarət ediblər.

Həsən Həsənov burada Tarix İnstitutunun əməkdaşlarını İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşovun şəkilləri həkk olunmuş medallarla təltif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: