Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.12.2018 14:16
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun alimləri Rusiyada beynəlxalq konfransda məruzələrlə çıxış ediblər

Riyaziyyat və Mexanika İnstitutunun alimləri Rusiyada beynəlxalq konfransda məruzələrlə çıxış ediblər

Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor L.Kudryavtsevin 95 illik yubileyinə həsr olunmuş "Funksiyalar fəzası. Diferensial operatorlar. Riyaziyyat təhsilinin problemləri" adlı beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və həmin müəssisənin Riyazi analiz şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev iştirak ediblər.

Konfransın plenar iclasında V.Quliyev “Karnot qrupunda kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşist funksiyaları ilə xarakterizasiyası", R.Bəndəliyev isə “Qarışıq normalı Lebeq fəzalarında Hausdorf operatorunun məhdudluğu” mövzusunda məruzələrlə çıxış ediblər.

Azərbaycan alimləri konfransın "Funksiyalar nəzəriyyəsi və funksional fəzalar" seksiyasına rəhbərlik ediblər.

Ezamiyyə müddətində, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin qalibi olmuş “Morri tipli fəzalar və xüsusi törəməli diferensial tənliklərə tətbiqləri” adlı elmi-tədqiqat proqramı çərçivəsində Moskvanın Xalqlar Dostluğu Universitetinin Nikolski adına Riyaziyyat İnstitutunda professor V.Burenkov ilə birgə elmi araşdırmalar aparılıb.

Bundan başqa, Riyaziyyat və Mexanika İnstitutunun alimləri İtaliya, Qazaxıstan, Yaponiya, Rusiya, Çin və indoneziyalı professorlarla görüşərək qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: