www.science.az
29.11.2018 11:41

Türkiyənin Naxçıvan şəhərindəki baş konsulu Naxçıvan Bölməsində olub

Türkiyə Respublikasının Naxçıvan şəhərindəki baş konsulu Mehmet Emin Kiraz AMEA-nın Naxçıvan Bölməsində olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev qonağı salamlayaraq Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərindən söz açıb. O, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, ölkələrimizin hər zaman bir-birlərinə dəstək verdiklərini deyib.

Akademik, həmçinin qonağa bölmənin yaranma tarixi və müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, aparılan araşdırmaların əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, bölmənin müxtəlif institutlarında Naxçıvanın bütün sahələri barədə dəyərli araşdırmalar aparılır, alim və tədqiqatçılar tərəfindən regionun tarixi, abidələri, mədəniyyəti, təbii ehtiyatları, biomüxtəlifliyi tədqiq olunur və təbliğ edilir.

Son illərdə iki qardaş ölkə arasında elmi əlaqələrin genişləndiyini vurğulayan bölmə sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” və “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” sərəncamlarını xatırladıb. Qeyd edib ki, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı ilə əlaqədar Türkiyənin müxtəlif muzey və kitabxanalarında araşdırmalar aparılması üçün bölmə əməkdaşlarından ibarət Tədqiqat Qrupu yaradılıb.

Görüş çərçivəsində çıxış edən AMEA-nın müxbir üzvləri - Fəxrəddin SəfərliƏbülfəz Quliyev Türkiyə Baş Nazirliyinin Osmanlı Arxivində saxlanılan Naxçıvanla əlaqədar mühüm tarixi sənədlərin əhatəli elmi araşdırmalara cəlb olunması, həmçinin Türk Dil Qurumunun yeni yayılan kitablarının əldə edilməsi, o cümlədən qardaş ölkənin muzey və kitabxanalarında Baba Nemətullah Naxçıvaninin əlyazma nüxsələrinin elektron variantının əldə edilməsinin zəruriliyini bildiriblər.

Naxçıvan Bölməsi ilə tanışlıqdan məmnunluğunu bildirən M.E.Kiraz bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib.

Görüş zamanı “Naxçıvan: tarixi və abidələri” və “AMEA Naxçıvan Bölməsi haqqında” (Azərbaycan və ingilis dillərində) kitablar qonağa hədiyyə olunub. Baş konsul isə “Böyük Səlcuklu Mirası” adlı kitabı bölməyə hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.