www.science.az
02.06.2014 00:00

AMEA Botanika İnstitutunun mütəxəssisləri Böyük Britaniyada təlim kursu keçiblər

AMEA Botanika İnstitutunun Ali bitkilərin sistematikası şöbəsinin doktorantı Aidə Dadaşova və Elmi informasiya və innovasiya şöbəsinin mütəxəssisi Məlahət Hüseynova Kyu Kral Botanika Bağında (Böyük Britaniya) təşkil olunmuş təlim kursu keçiblər. Qlobal Bitki Təşəbbüsü (Global Plants İnitiative-GPİ) əməkdaşlığı çərçivəsində keçirilən kurs Qlobal Bitki Təşəbbüsü üzrə layihənin koordinatoru Conatan Krigerin rəhbərliyi ilə aparılıb.

Məqsəd AMEA Botanika İnstitutunun Herbari fondunda saxlanılan qiymətli nümunələrin rəqəmsallaşdırılması, herbari məlumatlarının hazırlanması və məlumat bazasına daxil edilməsi sahəsində İngiltərənin təcrübəsilə yaxından tanış olmaq və HerbScan, fotokamera və digər müasir avadanlıqlardan istifadə metodları və məlumat bazasının düzgün tərtib edilməsi üzrə biliklərin əldə edilməsi idi. Bu Qlobal Bitki Təşəbbüsü üzrə nəzərdə tutulan işlərin tələb edilən standartlar üzrə həyata keçirilməsinə imkan yaradacaq.

Kursu müvəffəqiyyətlə bitirən M.Hüseynova və A.Dadaşova beynəlxalq sertifikata layiq görülüblər.

Qeyd edək ki, AMEA Botanika İnstitutu və Endryu V. Mellon Fondu (ABŞ) arasında əməkdaşlıq haqqında imzalanmış razılaşmaya əsasən institut cari ildən GPİ-ə qoşulub və bu istiqamətdə aparılan işlərin ilkin mərhələsi artıq icra olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.