www.science.az
20.11.2018 09:20

AMEA-nın müxbir üzvü Tələt Kəngərlini 70 illik yubileyi münasibətilə təbrik edirik!

Noyabrın 21-də tanınmış alim, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tələt Nəsrulla oğlu Kəngərlinin 70 yaşı tamam olur.

Tələt Kəngərli 1948-ci il noyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsini bitirib.

O, 1982-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 2010-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Əmək fəaliyyətinə keçmiş Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi sistemində başlayan alim burada geoloq, böyük geoloq, baş geoloq, geoloji partiya rəisi vəzifələrində çalışıb. 1994-2001-ci illərdə keçmiş İqtisadiyyat Nazirliyinin “Təbiətdən istifadənin iqtisadiyyatı və ekologiya” şöbəsinin müdiri, 2001-2010-cu illərdə isə AMEA Geologiya İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərib. 2011-ci ildən indiyədək həmin institutun Geotektonika və regional geologiya şöbəsinin rəhbəridir.

T.Kəngərli regional geologiya, geotektonika, geodinamika, mineral xammal ehtiyatları,  geoekologiya sahələrində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini Yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşu və geodinamik təkamülünün müasir modellərinin işlənib hazırlanması, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi, faydalı qazıntıların əmələgəlmə və paylanması ilə Yer qabığının geoloji-tektonik quruluşu arasında qarşılıqlı əlaqələrin öyrənilməsi təşkil edir.

Alimin iştirakı və rəhbərliyi altında Azərbaycan Respublikasının yeni geoloji, tektonik, neotektonik, struktur rayonlaşdırma və digər xəritələri işlənib hazırlanıb, “Azərbaycan Respublikasının Geoloji Ensiklopediyası”, “Naxçıvan MR-in Geoloji Ensiklopediyası”, “Qarabağın humanitar və təbiət irsi”, “Qarabağın geoloji-coğrafi atlası”, həmçinin geoloji təyinatlı müxtəlif xəritələr üzərində işlər aparılır. T.Kəngərlinin bilavasitə təşəbbüsü və iştirakı ilə beynəlxalq işçi qrupu tərəfindən ilk dəfə olaraq Qafqazın geodinamik əsaslı tektonik xəritəsi işlənib hazırlanıb və nəşr üçün təqdim edilib. 

O, 110-dan artıq elmi əsərin, o cümlədən 10 xəritə, 1 müəlliflik şəhadətnaməsi, 4 kollektiv monoqrafiyanın müəllifi və həmmüəllifidir. Alimin 57 elmi əsəri xaricdə çap olunub. Tanınmış beynəlxalq jurnallarda T.Kəngərlinin əsərlərinə istinad olunur.

Alim çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edib, geologiya və ekologiya sahələrində beynəlxalq və respublika qrant layihələrinin qalibi olub.

T.Kəngərlinin rəhbərliyi ilə 1 əcnəbi (İsveçrə) fəlsəfə doktoru yetişdirilib.

O, Geoloji İrsin Mühafizəsi üzrə Avropa  Assosiasiyasının (ProGEO), Mineral Ehtiyatlar üzrə Beynəlxalq Agentliyin (MinPRO), Geologiya Elmləri üzrə Avropa İttifaqının (EGU) və Amerika Geofiziklər İttifaqının (AGU) fərdi üzvüdür. Həmçinin AMEA Geologiya və Geofizika İnstitutu nəzdində Dissertasiya Şurasının, AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) və “Yer və İnsan”  jurnallarının redaksiya heyətinin üzvüdür.

T.Kəngərli istehsalatdakı geoloji fəaliyyətinə görə keçmiş SSRİ Geologiya Nazirliyinin  Fəxri fərmanı, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Fərqləndirici fərmanları ilə təltif olunub.

Görkəmli geoloq alimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.