www.science.az
08.11.2018 10:00

Qazaxıstanlı şagirdlər Fəlsəfə İnstitutunda olublar

Qazaxıstanın Çimkənd şəhərində yerləşən Avrasiya Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Fəlsəfə Məktəbinin şagird heyəti “Dünyanın dahi filosofları” layihəsi çərçivəsində AMEA-nın Fəlsəfə İnstitutunda olublar.

İnstitutun direktoru, f.ü.e.d., professor İlham Məmmədzadə ilə görüşdə qonaqlara müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər və aparılan tədqiqat işləri barədə məlumat verilib. Şagirdləri Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən İ.Məmmədzadə təhsilin, elmin, o cümlədən kitab oxumağın önəmini vurğulayıb. 

Məktəblilər isə öz növbəsində Azərbaycan və Qazaxıstanın dövlət başçıları, görkəmli ictimai-siyasi xadimləri, elm, mədəniyyət və yaradıcı şəxsiyyətləri, milli qəhrəmanları barədə fikirlərini bildiriblər.

Sonra qonaqlar Qazaxıstandan gətirdikləri kitabları İ.Məmmədzadəyə təqdim ediblər. 

Sonda qazaxıstanlı şagirdlər Fəlsəfə İnstitutunun diplomları ilə təltif olunublar. 

Qeyd edək ki, görüşdə institutun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli, elmi katib, f.ü.f.d., dosent Sevinc Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, f.ü.f.d. Zöhrə Əliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bahar Məmmədova və müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayeva da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.