www.science.az
02.06.2014 00:00

Azərbaycan alimi İzmirdə keçirilən beynəlxalq elmi konfransda iştirak edib

AMEA Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva İzmir (Türkiyə) şəhərində keçirilən “Elmdə və texnologiyada qadınlar” beynəlxalq konfransında iştirak edir.

Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası, Türkiyə Elmlər Akademiyası, Ümumdünya Elm Akademiyaları Şəbəkəsi və Egey Universitetinin təşkil etdiyi konfransda o, “Postmodern: qadın mövzusu” adlı məruzəsi ilə çıxış edib. R.Rzayeva məruzəsində postmodernizm, onun müasir cəmiyyətə və şüura göstərdiyi təsir kontekstində qadın xüsusiyyətlərindən danışıb. O, ictimai, iqtisadi və mədəni sahələrdə olduğu kimi, elmin inkişafında da qadınların müstəsna rol oynadığını, Azərbaycanda elmi işlə məşğul olan qadınların çoxluq təşkil etdiyini söyləyib. Azərbaycanlı alim qadınların elmi fəaliyyətinin ölkənin iqtisadi şəraiti, elmi-texniki inkişafının ümumi səviyyəsi, sosial-mədəni ənənələri və qanunvericilik sistemindən asılı olduğunu vurğulayıb. R.Rzayeva müasir dövrdə müxtəlif ölkələrdə fəaliyyət göstərən qadın alimlərin elmi nəşrləri haqqında məlumatları özündə əks etdirən xəritəni nümayiş etdirib.

Məruzəçi Azərbaycan qadınlarının ölkənin ictimai-iqtisadi və siyasi həyatında, o cümlədən elmdə təmsil olunması ilə bağlı statistik məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırıb. Qərb ölkələri ilə müqayisədə, 1918-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini bildirib.

Azərbaycanda müxtəlif sahələrdə çalışan əmək qabiliyyətli əhali arasında qadınların təşkil etdiyi faiz göstəricilərini diqqətə çatdıran məruzəçi bu rəqəmlərin günü-gündən artdığını söyləyib. O, bu istiqamətdə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.