Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Görkəmli etnoqraf-alim Qadir Qədirzadənin 70 illik yubileyi qeyd edilib
25.10.2018 16:24
  • A-
  • A
  • A+

Görkəmli etnoqraf-alim Qadir Qədirzadənin 70 illik yubileyi qeyd edilib

Akademiyanın Naxçıvan Bölməsində görkəmli etnoqraf-alim, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin anadan olmasının 70 illiyinə həsr edilən tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları alimin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar.

Konfrans Q.Qədirzadənin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək alimin elmi və pedaqoji fəaliyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan etnoqrafiyasının Naxçıvan materialları əsasında etnik tarix, ailə və məişətlə bağlı qədim inamlarını və digər türk xalqları ilə ortaq cəhətlərini öyrənmək alimin apardığı elmi-tədqiqat işlərinin başlıca istiqamətləri və araşdırma obyekti olub. O, Q.Qədirzadənin Azərbaycanla yanaşı, Türkiyə, İran, Rusiya, ABŞ və digər dövlətlərdə ölkəmizi layiqincə təmsil etdiyini diqqətə çatdırıb. Bildirib ki, alim Naxçıvan Bölməsi Rəyasət Heyətinin və qurumun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, eyni zamanda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Elmi Şurasının üzvü olub.

Alimin elmdə əldə etdiyi nailiyyətlərinə görə, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunduğunu deyən İ.Hacıyev Q.Qədirzadənin “Əshabi Kəhf: Müqəddəslik, tarixilik və inancların genezisi”, “Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan”, “Kitabi-Dədə Qorqud və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” və digər bir çox əsərlərin müəllifi olduğunu söyləyib.

Bölmə sədri alimin rəhbərliyi altında 5 fəlsəfə doktorunun hazırlandığını, 400-ə yaxın elmi-kütləvi əsərin, o cümlədən 22 kitab və monoqrafiyanın müəllifi olduğunu bildirib.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin həyat yolu və elmi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra AMEA-nın müxbir üzvləri - Əliəddin Abbasov, Vəli Baxşəliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf OrucovQafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək alimin şərəfli ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıblar.

Sonda Qadir Qədirzadənin ailə üzvlərindən İqrar Əliyev və qızı, tarix üzrə fəlsəfə doktoru, dosent Türkan Qədirzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: