Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Onun ürəyinin iri gözləri, ya bizim kəndli Vaqif Əlixanlı
22.10.2018 12:38
  • A-
  • A
  • A+

Onun ürəyinin iri gözləri, ya bizim kəndli Vaqif Əlixanlı

O kənddə də o çağlar hər kəndin ortasında olan kimi hündür dirəyə asılan iri bir radio vardı və hərdən-hərdən o radiodan məlahətli səslər dörd bir yana yayılardı:

Uca dağlar, qarlı dağlar başında,

Bir yar sevdim, tirmə şal var başında...

Hayıl-mayıllıqla qulaq asardılar və uca dağlar başındakı o kənddə o mahnını eşidənlərin əksəri elə xəyal eləyərdi ki, bu nəğməni ən əvvəl elə onların kəndi üçün oxuyurlar, bu hava bir zamanlar elə bu kənddə baş vermiş bir eşq macərasının hekayətidir.

Nə qədər ki o kənddəkilərin çoxu kimi, o uşaq da o nəğmənin öz kəndləri ilə bağlılığına, başqa yerdəki deyil, məhz öz kəndlərindəki bir sevginin tarixçəsi olmasına inanırdı, daha xoşbəxt idi.

Yaşaya-yaşaya, görə-görə o uşağın da gözləri açıldı, mahnılardan daha fərqli həyata da alışdı, gündəlik dolanışığın şeirə az oxşayan vərdişləri, adətləri də onun ömründə özünə yer elədi.

Yoxsa ki o balaca dağ kəndinin saf havası kimi təmiz insan münasibətləri də sonra üzləşdiyi dünyanın qatmaqarışıq, bəzən ilk rastlaşdığında onu çaşdıran münasibətlərindən qat-qat səmimi, şəffaf idi.

Hər cür adamın olduğu, dağlara qısılmış bu Yerfi kəndi iri, bütöv bir ailə kimi idi.

Biri qəmlənəndə hamıya o ağrıdan pay düşürdü, biri sevinəndə hamının eyni açılırdı. Çünki heç kəs özünə qapalı deyildi. Bütün kənd bir evli kimi idi.

Biri yalan danışanda bütün kənd qımışırdı, çünki elə xıltsız, elə hiyləsiz idilər ki, o yalanı danışan da bilirdi bunları elə məzələnməkçün uydurur, eşidənlər də bilirdilər bu adam bu təhər zərərsiz goplara adətkərdədir.

Bəlkə başacan o kənddə, o saflıq adasında qalmaq məsləhətmiş?

Bəlkə axıracan elə orada qalsaymış, büsbütün ayrı adam olacaq, başqa ömür yaşayacaqmış?!

Amma ha qal, sən dünyaya doğru getməsən də, dünya onsuz da özü sənə doğru gələcəkdi!

Neyləyəsən ki, dünya fırlanırdı...

Həmin kənddən aşağıda da, yuxarıda da həyat vardı.

O kənddən yuxarıda müqəddəs Baba dağı vardı, o dağda dan üzü oxuyan quşlar vardı, o dağlardan yuxarı qalxdıqca təmizlik də, saflıq da artırdı. Çünki sonra buludlar gəlirdi, sonra göylər gəlirdi, sonra dualar ediləndə əllər açılan, gözlər dikilən ucadan uca Allah gəlirdi.

O kənddən aşağıda isə elə bil rənglər artırdı, o rənglərin çalarları çoxalırdı, həyatın əlvanlığı qatılaşdıqca gün-güzəranın da sualları çoxalırdı, müşkülləri artırdı.

Birinci dəfə həmin saf kənddən aşağıdakı kəndlərə, öz kəndlərinə nisbətən daha geniş həyatın içərisinə enəndə, yolda bir-birinin yanından salam vermədən, bir-birini tanımırmış kimi biganə keçib-gedən adamları görəndə duruxub qalmışdı ki, görəsən, bu adamlar niyə hamısı bir-biri ilə küsülüdür?

Çünki onun kəndinin qaydasınca adam adamı görəndə elə ev adamı, doğması kimi hal-əhval tutmursa, deməli, aralarında nəsə soyuqluq var.

Atası ilə yeməkxanaya girmişdilər.

Özləri istəməmiş qabaqlarına nə yemək gətirmişdilər, nə çay qoymuşdular. Üstəlik, yemək yeyəndən sonra atası çıxarıb pul da vermişdi.

Buna lap məəttəl qalmışdı ki, məgər sənin qabağına çörək qoyulduğuna görə hətta pul da vermək lazımmış?..

Beləcə, Vaqif həyata endikcə çox sirlərə vaqif olmağa başlayırdı.

Ömrün gizlinclərinə vaqif olduqca da ahəstə-ahəstə anlayırdı ki, əsl həyat elə bu imiş - aşağıdakı imiş.

Yuxarıda - o dağlar qoynundakı kənddə yaşadıqları isə həyat deyilmiş, bir röya imiş...

Sonra illər ötəcək, yaşa dolacaq, həyatın çox üzlərini görəcək, ancaq könlü röya istəyəndə yenə onu o dağlar, ürəyi titrədən qədər doğma, simsar Yerfi kəndi onu çıxılmaz cazibəsi ilə qucağına çəkəcək.

Gələcək, uşaqlıq vaxtlarında, qış səhərlərində sobanın közü qaralıb evləri soyuyanda anasına qısılıb onun istiliyinə qızınan kimi bu kəndin hərarətini şəhərin soyuğundan üşümüş canına çəkəcək.

Bu, Vaqifdir.

Vaqif Əlixanlı. Qubanın ucqar Yerfi kəndindən gələrək bütün Azərbaycanı öz kəndi kimi daha gözəl, daha saf, daha sevməli etməkçün ömrü boyu qələmiylə, istedadıyla, işığıyla çalışmış qiymətli Vətən aydını!

...Fransada bizdəkindən 2 saat gec başlanan növbəti səhərdə elə oyanan kimi gecədən açıq qalan kompüterimdə Yurdda nə var-nə yoxu izləməyə başlayanda ilk gözümə sataşan bu oldu ki, dostlardan biri oktyabrın 13-də növbəti ad günü gələn Vaqif Əlixanlını təbrik eləyərək ona fəxrlə “kəndimizin tanınmış ziyalısı” deyir.

Əlbəttə ki, tamam qubalıların, oradakı gözəl Yerfi kəndinin ellik camaatının Vaqif Əlixanlı kimi parlaq bir qələm sahibi və düşüncə adamının məhz onların həmkəndlisi, həmyerlisi, ellisi olması ilə iftixar etməyə haqqı var.

Amma Vaqif həm də mənim həmkəndlim, həmyerlim, ellimdir.

Baxmayaraq ki, nə Qubadanam, nə də, təəssüf ki, indiyəcən bircə dəfə belə Yerfiyə ayağım dəyib.

Vaqif Əlixanlı - qələminin işığı, düşüncəsinin genişliyi, bütöv yurdun hər qarışına məhəbbəti ilə bütün Azərbaycanınkı olan ən seçkin aydınlarımızdandır və indi yox, çox onillər bundan öncədən həm də mənim kəndlimdir, ortaq dəyərləri bölüşən, bu millətin və torpağın dünəninə ən dərin sayğı bəsləyən, bu xalqın sabahkı daha məsud günlərini qəlbən, səmimiyyətlə arzulayan çox-çox fikirdaşımızın, duyğu, məslək, əqidə ortağımızın həmkəndlisidir.

Doğulduğumuz, yalın ayaqlarımızla istisini canımıza çəkdiyimiz dədə-baba yurdumuz, böyüdüyümüz kənd bizimçün ilk balaca yuvamızdır.

Ancaq dünya özü nə boydadır ki!

Qanadlarımız bərkiyincə qanadlanıb yeni üfüqlərə doğru uçmağa başlayırıq və asta-asta əsl yuvamızın elə Azərbaycan boyda olduğunu anlayırıq

(Təbii ki, heç də hamımız yox! Elələri var ki, axıracan nəinki Vətən, lap dünya da onlara elə öz evi, ailəsi, məhəlləsi iriliyində qalır!)

Vaqif gerçək Yuvasının Azərbaycan olduğunu lap cavan yaşlarından dərk etmiş, bu Yuvanı Allahın ona verdiyi qabiliyyətlər hesabına bir az ahəngdar, mütənasib, göyçək etməyə daim can atmış insandır.

Pərvərdigarın ona bağışladığı sərvət, bacarıq, imkansa qələm idi, dünyanı və insanları içəridən görmək bəsirətliliyi idi, görüb-duyduqlarını canayatan bir biçimdə sözə, yazıya çevirə bilmək ustalığı idi.

“Ustalığı” yazıram ona görə ki, fitrətdən gələn bir peşəkarlıq Vaqifin ən köhnə yazılarında da görünməkdədir və illər sadəcə yazısını, ifadəsini bir qədər də cilalı, pardaqlı, rəvan edib.

Ustalığısa elə həmin başlanğıcdan gələndir!

Söz yox, illər səni vaxt ötdükcə daha bişkin, daha dərin edir. Lakin ustacasına yanaşa bilmək mayanda yoxsa, bunu sonralar nə oxuyub-öyrənmək, nə təcrübə ilə qazanmaq mümkündür. Ustacasına, müdrikcəsinə, qabilliklə hansısa işin qulpundan yapışa bilmək, elə istedadın özü kimi, Tanrıdan insana nəsib olan paydır.

Vaqifi mən ilk dəfə məktəbliykən, 1969-cu ildə oxumuşam.

“Qobustan” dərgisinin ilk sayı buraxılmışdı və onu nə səbəbdənsə qəzet köşklərində deyil, kitab dükanında satırdılar.

Bir tərəfə baxanda elə düz də eləyirlərmiş. Çünki bu məcmuə rəngarəngliyi, dolğun məzmunu ilə adətkərdəsi olduğumuz jurnallardan daha çox elə oxunaqlı kitaba bənzəyirdi.

Gənc rəssam Səhhət Veysov haqda Vaqif Əlixanovun yazısı “İri gözlü uşaq” adlanırdı.

Adından tutmuş gənc rəssamda nələri görməyinəcən, müşahidələrini sözə nə təhər döndərməsinəcən hər şey təzə idi.

Ənənəvi mətbuat dili və üslubumuza oxşamayan bir yenilikçi tərz!

Heç kim Vaqifə deməmişdi belə yaz, bu cür təsvir elə, Səhhətin bu tərəflərini aç.

Bu, Vaqifin özündən, içərisindən gələn bir yanaşma idi və asta-asta Anarın hər cəhətdən yeni və yenilikçi toplusunun ətrafına Vaqif ruhunda olanlar daha çox yığıldı, bu cür düşünüb, bu cür görən və bu cür də yazanlar “Qobustan”ı “Qobustan” etdilər, bu ünvan 1970-ci illərin təzə nəfəsli qələm sahiblərinin, ziyalılarının özəl bir ocağına, ürəkboşaltma meydanına çevrildi.

(Vaqif danışır ki, Səhhət haqqındakı bu jurnal yazısından əvvəl onun Azərbaycan radiosunda da eyni mövzuda başıbəlalı bir verilişi olubmuş.

Niyə başıbəlalı?

Elə tanış olduğu ilk günlərdən həm sənətinə, həm zəkasına valeh olduğu 14 yaşlı rəssamın Moskvada sərgisinin açılacağı xəbərini eşidəndə Vaqif  Televiziya və Radio Verilişləri Komitəsinin sədrinə və müavininə, çalışdığı redaksiyanın rəhbərinə müraciət edir. Nə illah edirsə ki bu, mədəniyyətimizdən ötrü çox əlamətdar hadisədir, Səhhət Veysov gələcəkdə şöhrətli sənətkar olacağını bənzərsiz əsərləri ilə indidən büruzə verən qeyri-adi rəssamdır, müdiriyyətin ürəyi yumşalmır.

“Olmaz!” deyib dururlar.

Təkcə bilavasitə müdiri olan və ifrat ehtiyatlı, suyu da üfürə-üfürə içən, lakin hər halda belə bir mövzuda verilişin hazırlanmasının faydalı ola biləcəyini özündən yuxarıdakılardan daha düzgün dərk edən Rauf İsmayılov qayıdır ki, mirzə, getməyinə get, amma mənim bu işdən xəbərim yoxdur!

Ezamiyyət verilmir və üç günlüyə öz hesabına Vaqif Moskvaya uçur.

Sərgi paytaxtda çox qızğın maraq doğurur. Amma işin tərsliyindən Vaqifin Bakıya qayıdacağı gün Moskvada hava qəfildən korlanır, təyyarələr uçmur, o, naəlac qalaraq Azərbaycanın həmin dövrdə SSRİ paytaxtındakı daimi nümayəndəliyinin başçısı işləyən, böyük bəstəkar Müslüm Maqomayevin oğlu Cəmaləddin Maqomayevə müraciət edir. O da dərhal dəstəyi qaldıraraq Bakıya, Nazirlər Sovetinin birinci müavininə zəng vurur, söyləyir ki, sağ olsun respublika radiosu, gənc Azərbaycan rəssamının Moskvada açılan sərgisini işıqlandırmağa ayrıca müxbir göndərib. Amma indi burada çovğundur, təyyarələr havaya qalxa bilmir, bütün uçuşlar təxirə salınıb, bu jurnalistin ezamiyyətinin bir neçə gün artırılmasına kömək edin.

Nazirlər Soveti sədrinin müavini öz növbəsində zəng vurur komitə sədri İmran Mirzəyevə, o da müavini Cığatay Şıxzamanova, o da baş redaktor Rauf İsmayılova.

Üzə çıxır ki, ezamiyyət nədir, heç Vaqif Əlixanlının Moskvaya getməyə icazəsi də olmayıb.

Aləm dəyir bir-birinə.

Uzun sözün qısası, işdən çıxarmaqla hədələsələr də, guya rəhmə gələrək şiddətli töhmətlə kifayətlənirlər.

“Olmaz!” deyiləndən sonra başını aşağı salıb öz işləri ilə məşğul olsaydı, dikbaşlıq edib kasıb cibi ilə Moskvaya getməyə qərar verməsəydi, nə o töhmət olardı, nə də digər qanqaraçılıqlar. Di gəl, onda da Vaqif Vaqif olmazdı və bəlkə də az sonra Səhhət Veysov haqqında da o cür əks-sədalı yazı ortaya çıxmazdı).

Çərçivələri sındıran, basmaqəlib, nimdaş dəsti-xətti bir qırağa ataraq yeni yol tutanların, səmt küləyinə çevrilənlərin önündə gedənlərdən idi Vaqif.

Mən Azərbaycan Radiosu və Televiziyası ilə əməkdaşlığa elə tələbəlik illərimdən, 1970-ci illərin əvvəllərindən başlamışam.

O zaman Vaqif radionun ədəbi-dram verilişləri baş redaksiyasında çalışırdı.

Həmin üslubu, həmin zövqü, yol-yolağanı, həmin səliqəni ki onda “Qobustan”dakı yazısından müşahidə etmişdim, burada da davam etdirirdi.

O dövrdə mən, əsasən, musiqi redaksiyası üçün yazırdım. Lakin sonra başladım həm də Vaqifin bilavasitə rəhbərlik etdiyi şöbənin xətti ilə hazırlanan “Sənət haqqında hekayələr” silsiləsindən verilişlər yazmağa.

Bir müddət sonra isə həm də aydakı dörd “Bulaq”dan birinin müəllifi mən oldum.

“Bulaq”da üzdən çoxlarına bəlkə görünməsə də, Mövlud üslubu ilə Vaqif xətti bəzi çalarlarıyla seçilirdi. Mövluddakı kəndlə Vaqifdəki kəndin də, ondakı və bundakı danışıq, deyim tərzinin də fərqi vardı. Həm də bu yalnız ona görə deyildi ki, əslən biri Qubadan, digəri Borçalı mahalındandır.

Bu, daha çox dünyagörüşü, dünyaduyumu, zövq məsələsi idi.

Və mənə Vaqifin yolu daha yaxın, daha məhrəm gəlirdi. Çünki bu xətdə həm kənd vardı, həm də bir az şəhər dalğası. El sözü, folklor irsi ikinci təqdimatda mənə daha cazibəli, daha hamıyaçatar, əskiliyi hifz etməklə həm də daha müasir ovqatlı kimi görünürdü.

Ona görə mən də o sayaq yazırdım.

Vaqif Azərbaycan Radiosunda da ənənə yaradanlardan oldu.

Bəsitlikdən, əyalətçilikdən uzaq, intellektin hər cümlədə duyulduğu, amma hər adi dinləyicinin rahatca qavrayacağı şirin, əlvan dil, yöndəmsiz deyiliş hoqqabazlıqlarından təmizlənmiş axıcı dil!

Və bir-birindən lazımlı mövzuların seçimi, onların yüksək səriştə ilə təqdimi.

Həmin indi xeyli uzaqda qalmış, yaradıcılıq eşqi ilə dolu, sabahlara ümidlərlə çağlayan, qaynar, istedadlı insanların da sanki xeyli bol olduğu illərdə Vaqif həm də həyatdakı ən böyük xoşbəxtliklərindən birini tapdı.

Elə bizim kimi radionu sevən, o çağlar mehriban səsi ilə “Sabahınız xeyir” proqramlarında hər dəfə maraqla qarşılanan öz guşəsini aparan Şəfəq xanım Vaqifin ömrünü şəfəqləndirdi.

Qovuşdular.

(Əslində, bu cazibənin də cizgisini göydə mələklər onların Azərbaycan Radiosunda qarşılaşmasından, isinişməsindən, ulduzlarının barışmasından xeyli əvvəl cızmışdı. Hərçənd, elə həmin köhnə rastlaşmalarında da radio söhbəti varmış.

Vaqif orta məktəbi bitirib sənədlərini Universitetə gətirəndə 2 illik iş stajı tələb olunduğunu əsas tutaraq qəbul etməmişdilər.

Bu arada - 1959-cu ildə Bakıda texniki işçilər hazırlamaq məqsədli radio kursları açılıbmış. Vaqif üçün sərfəli idi. Həm oxuduğu müddət iş stajına hesablanacaqdı, həm Bakıda qalacaqdı, üstəlik, əlindəki sənədlə də buranı bitirəndən sonra uyğun iş tapmaqçün əlverişli girəvə qazanacaqdı. Həmin kurslarda oxuduğu əyyamlarda radionun səsyazma evinin yaxınlığında, Azərittifaqın böyründəki Statistika texnikumuna, orada təhsil alan, elə texnikumun birinci mərtəbəsindəki yataqxanada da qalan həmkəndlisinin yanına tez-tez gedib-gəlirmiş, bəzən gec qalanda heç Keşləyə xalasıgilə yollanmaz, burada dostunun otağında gecələrmiş. Texnikumun direktorusa Vaqifin gələcək ömür-gün yoldaşı Şəfəqin atası idi və onun - Soltan müəllimin mənzili də bir neçə metr o yanda, texnikuma bitişik binada yerləşirdi.

Vaqif orta məktəbi yenicə bitirmiş gənc, Şəfəqsə balaca bir uşaq. Necəsə, bir dəfə elə həmin qonşuluqda tuş düşürlər, Vaqif əlindəki almanı bu suyuşirin uşağa bağışlayır, uşaq da dinməz-söyləməz gülümsəyərək almanı götürür.

Lap o dastanlarda sevgililərə buta verilən sayaq, lap o nağıllarda dərvişin bir almanı iki istəkli arasında böldüyü kimi.

Adətən qızlar elə bil ki, birdən böyüyürlər, qızlar bulağından su içəndən sonra sanki yaşları da qəfilcə artır.

Ay ötür, il dolanır, Bəxt Ssenariçisi bu iki mahir ssenari ustasını - Vaqiflə Şəfəqi onların yatanda yuxularına belə girməyəcək gözlənilməzlik və təbiiliklə eyni məkanda - artıq Azərbaycan Radiosunda, incəsənət redaksiyasında vaxtaşırı qarşılaşdırmağa başlayır, günlərin birində həmin alma da yaddaşın unudulmuş qatından sıyrılıb çıxır ortalığa.

Ortada alma kimi şahid vardısa, daha bu sevdanın nişana, üzüyə gəlib çıxmasına nə söz ola bilərdi ki!).

...Vaqifin rəssamlıq bilgilərinin genişliyini, dünya təsviri sənətinə müfəssəl bələdliyini, məlum rənglərdə və tanış lövhələrdə çoxlarının görmədiklərini sezmək səriştəliliyini aşkar əyan edən və bir zamanlar Azərbaycan Televiziyasında apardığı “Palitra” verilişi də unudulan deyil.

O verilişdə Vaqif kamera qarşısında tək olurdu.

Dinclik, rahatlıq yağan səsi, incə müşahidələri, əhatəli və təlqinedici, inandırıcı yozumları ilə uzun dəqiqələr boyunca tamaşaçını ekrandan aralanmamağa, ona diqqət kəsilməyə sövq edə bilirdi.

Azərbaycan Televiziyasında nitq mədəniyyətinin bəyənimli bir örnəyini nümayiş etdirən Vaqif apardığı digər sənət verilişlərinə dəvət etdiyi qonaqları da o dönəmdə efirimizdə dəb olan süniliklə dolu kağızdanoxuma məcburiyyətindən qurtararaq mətndənaralanma, sərbəst düşünüb-danışma vərdişlərinə alışdırırdı, sadə, etibar oyadan, inandıran, çəkici danışığı ilə qonaqlarını da bu cür, adam balası kimi, söhbət etməyə yönəldirdi.

Bu isə o vaxtlar o qədər də asan başa gəlmirdi.

Çünki efirə gedən hər cümləyə nəzarət vardı, mətbuatda dövlət sirlərini mühafizə edən, el arasında “Qlavlit” deyilən idarənin ayıq-sayıq əməkdaşları qırmızı qələmləri ilə hər verilişin mətnini qollamalıydılar.

...İllər illərlə əvəzləndi, Vaqifin sənədli-publisistik yazıları, sənət hekayələri ayrıca kitablara da çevrildi və anlayanlar onları da həvəslə, iştaha ilə, bir az da darıxmış olduqları, qəribsədikləri bu yazı tərzinin xiffəti ilə mütaliə etdilər.

Yəni o yazıların da hər biri Vaqifin zamanında hazırlamış olduğu, bir çoxu radio-televiziyaların səs və təsvir xəzinələrində saxlanan verilişləri kimi köhnəlməz, hələ bundan sonra da dönə-dönə qayıdılası incilərdir.

Ayrı-ayrı vaxtlarda Vaqif Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında da çalışıb, Mədəniyyət Nazirliyində də, radio-televiziyalarda da. Harada fəaliyyət göstəribsə, hökmən ətrafında münbit bir mühit də əmələ gəlib. Çünki özünün heç vaxt bekar dayanmaması, müxtəlif ssenarilər, pyeslər, etüdlər yazması, keyfiyyətli bədii tərcümələr etməsi, maraqlı layihələr irəli sürməsindən savayı, Vaqif həm də daim qabiliyyətlilərə də xeyirxahlıqla yol açıb.

Vaqifin tərcüməsində bir neçə çox məşhur yazıçının səhnələrdə də oynanmış pyeslərinin son dərəcə sağlam, şirəli, axıcı, ölçülü-biçili dili haqqında düşünürkən bədii tərcüməçiliyimizdə, xüsusən film dublyajı sahəsindəki qanqaraldan hazırkı umulmaz durum da xəyalımdan keçir.

Saysız yaradıcılıq problemlərinin mühasirəsi və əsarətində olan, peşəkarlıq qıtlığından əziyyət çəkən müasir radio-televiziya məkanımız istər bu, istərsə də bir sıra digər mühüm sənət məsələləri ilə əlaqədar Vaqif Əlixanlı kimi bu sahədə can qoymuş, zəngin bilik və təcrübələri olan insandan gərək israrla yararlana.

...Vaxtım az, macalım dar olmasaydı, lap çox yazardım, çünki Vaqifin bir insan, dost, yaradıcı olaraq məziyyətləri o qədər boldur ki, elə hərəsindən 2-3 səhifə yazsan, iri kitab alınar.

Niyə də yazılmasın ki, belə kitab?

Mənim növ-növ qayğılarım çox, vaxtım azdır, amma bu nəcib işi görməyə bacarığı da, qələminin gücü də çatanlar az deyil axı!

Haçansa elə bir kitab yazılarsa, orada Vaqifin bütün başqa yaradıcı məziyyətləri, fitri istedadı ilə yanaşı, mühümdən mühüm bir keyfiyyəti haqqında cavanlara ibrət olaraq məxsusi bəhs edilməsini arzulayardım.

Daim öz üzərində çalışmaq, mütaliədən doymamaq, oxuduğunu həzm edib hafizəsinə, ürəyinə həkk edə bilmək, usanmadan işləmək ehtirası, zəhmətsevərlik.

Bunlar olmasa, Tanrının səxavətlə bəxş etdiyi istedadı asanca zay eləmək də mümkündür. Ya da ən yaxşı halda, həmin istedadın qanadları bunlarsız, heç vəchlə açıla biləcəyi genişlikdə pərvaz etməz!

Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alırmış. O zamanlar Vaqifin oxuduğu kitabxanaçılıq ixtisası da ənənəvi fars, ərəb, türk dili fakültələri ilə yanaşı, şərqşünaslıq fakültəsinin tərkibində imiş. Dördüncü kursda oxuyanda onu əsgər aparırlar və o zaman da hərbi xidmət üçillikmiş.

(Əsgərliyə getməsinin də soyadı ilə bağlı qəfil və dodaq qaçırdan bir qəziyyəsi var. Əslində, 1943-cü il təvəllüdlü bir oğlanın əsgər aparılması məntiqli və qanunauyğun idi. Çünki müharibə dövründə kişilərin əksəriyyəti cəbhələrdə olduğundan 1941-1945 arası doğum azalmışdı. O səbəbdən də yaşı uyğun gələn tələbələri də, aspirantları da heç bir güzəşt etmədən hərbi xidmətə göndərirmişlər. Lakin nə sirdisə, Vaqifə dəyib-dolaşan yoxmuş. Özü də heyrətlənirmiş ki, görəsən, niyə digər fakültələrdə olan tay-tuşlarının hamısı çoxdan əsgər aparılsa da, ona toxunan yoxdur.

1961-1970-ci illərdə Azərbaycan Nazirlər Sovetinin sədri vəzifəsini Ənvər Əlixanov tuturmuş.

Bir dəfə bir şad məclisdə Bakının oçağkı Oktyabr (indiki Yasamal) rayonunun hərbi komissarı polkovnik Güləhmədov həmin Ənvər Əlixanovun qardaşı Lətiflə söhbətləşir, elə sözarası bunu da deyir ki, Ənvər Nəzəroviçin xətrini biz çox istəyirik, neçə ildir oğlunu da əsgər aparmırıq ki, ali təhsilini başa vursun.

Lətif müəllim təəccüblənir ki, nə əsgərlik? Ənvər mənim dost-doğma qardaşımdır, onun oğlu yoxdur.

Bu dəfə hərbi komissar təəccüblənir:

- Necə yəni oğlu yoxdur? Var, özü də bizim çağırışçıdır. Vaqif Ənvər oğlu Əlixanov!

- Siz bir yoxlayın, yəqin, təsadüfi uyğunluqdur.

...Bir neçə gün sonra çağırış vərəqini təqdim edirlər Vaqifə.

Hərbi xidməti başa vurub qayıdır, universitetə bərpa olunur və bir gün küçədə həmyerlisi, şair Ələkbər Salahzadə ilə rastlaşır. Hal-əhvaldan sonra deyir ki, qiyabiyə keçmək istəyirəm, iş axtarıram, neyləyim?

Ələkbər Salahzadə onun adından radioya, incəsənət şöbəsində işləyən Vidadi Paşayevin yanına getməyi tövsiyə edir.

Söhbəti açıb bura qədər gətirməkdə niyyətim Vaqifin işgüzarlığı, inadcıllığı, çətinlikdən qorxmaması, elə istedadı ilə tən gələn zəhmətkeşliyi haqqında bir para təfərrüatları diqqətə çatdırmaqdır.

Vidadi Paşayev radioda yanına gələn Vaqifə əvvəlcə braziliyalı memar Oskar Nimeyer haqda 10 dəqiqəlik bir süjet hazırlamağı tapşırır.

Hazırlayıb gətirir, bəyənilir.

Bu dəfə Vaqifə italyan rəssamı Renato Quttuzo haqqında 40 dəqiqəlik ayrıca veriliş sifariş edilir.

Hazırlayır, bu da çox bəyənilir, təriflənir.

Ancaq radionun qapısını açdığı günəcən Vaqif Oskar Nimeyeri tanımırdı, Quttuzonun da elə adını eşitmişdi.

Gedib oturmuşdu Axundov kitabxanasında, kitabı kitab, məqaləni məqalə ardınca oxumuşdu. O qədər məlumat toplamışdı, bu iki məşhur və o zaman SSRİ-də ən yüksək sayılan Lenin mükafatına layiq görülmüş sənətkar haqqında təsəvvürü və bilgisi elə genişlənmişdi ki, onlar haqqında veriliş o yana qalsın, dizini yerə vursa, kitab yazmağa hazır idi.

Və o vaxtlar idi ki, Vaqif hamının xoşuna gələn verilişlərini elektrik lampasının, hətta neft çırağının işığında, masa arxasında deyil, tez-tez işıqlar söndüyündən qaz plitəsinin yanında saatlarla ayaq üstə dayanaraq od diliminin qaranlığı yaran zəif işığında yazırdı...

Əziz Vaqif müəllim, dəyərli qardaşım!

Səni yalnız qubalıların, yerfililərin deyil, bütün azərbaycanlıların, həm də yalnız bu taylı və o taylı yox, dünya boyuncakı bütün soydaşlarımızın HƏMKƏNDLİSİNİ, ELLİSİNİ, ÜRƏKDAŞINI bu əziz gündə ürəkdən təbrik edirəm!

Bu günə “əziz” deyirəm ona görə ki, hər qiymətli azərbaycanlının dünyaya gəldiyi gün tarixi mənası olan, vacib bilinməyə, əziz sayılmağa layiqdir!

Tanıdığım 40 ildən artıq müddətdə mən Vaqif Əlixanlını elə yada saldığım qədimi yazısının sərlövhəsinə çıxardığı sayaq İRİ GÖZLÜ UŞAQ kimi gördüm.

Hər əməlində və yazısında uşaq kimi saf, səmimi ürəyinin İRİ və İTİ GÖZLƏRİ ilə həqiqətlərin dərinini görməyi bacaran!

...Bu gün, 2018-ci il oktyabrın 13-ü Vaqifin sadəcə növbəti ad günü deyil, həm də yubileyidir.

Hər halda 75 yaş elə yuvarlaq, ciddi hesabat mərhələsi sayılası ildönümüdür ki, gərək haradasa qeyd də edilə, bu qədər xidmətləri olan yazıçı, dramaturq, publisist, mədəniyyət təşkilatçısı, tanınmış ziyalı məxsusi dəyərləndirilə də.

...Təbrik etməkçün Strasburqdan zəng vurmuşdum və telefondan Vaqifin öz səsindən əvvəl hay-küy sədaları, şən qışqırıqlar, gülüşlər eşidildi.

Lap əsl yubiley təntənəsinə yaraşan səslər qarışığı.

Evdəydilər, nənə-baba - Şəfəqlə Vaqif nəvələrin böyründə, dünyadakı bayramların ən gözəlinin içindəydilər.

Kim bilir, bəlkə ən yaxşı, ən təmtəraqlı yubiley məclisi elə budur!

Əziz Vaqif! Şəfəqinlə, balalarınla, qələminlə birgə çox yaşa, sağlam, fərəhli, uğur içində yaşa, bizi yeni əsərlərinlə sevindirərək yaşa!

...Dağlar həmin dağlardır. Min il əvvəlki, yüzillər öncəki kimi, yenə qışda qarlı zirvələri, yazda yaşıllanan köksü ilə yüksəlir.

Dəyişən bizik, dəyişən həyatdır.

Daha nə kəndin ortasında hamını bir-birinə bir az da yaxın, qulaq yoldaşı edən dirəkdən asılı radioreproduktorlar var, nə də uşaq bakirəliyi ilə nəğmələrdəki söyləyişləri həqiqət kimi qəbul edən sadədillər.

Onillər qabaq o uca dağlardan saflıq dərsini alaraq böyük dünyadakı enişli-yoxuşlu yolunu başlamış seçkin Azərbaycan ziyalısı Vaqif Əlixanlı bir ömür boyu qələmiylə, sözüylə o dağlardan aldığı işığı, gücü, istiliyi millətiylə paylaşmağa can atdı.

Nəyə gücü çatdı, elədi. Nəyə gücü çatır, edir və hələ illərcə bu yolda sabitqədəm olmaq əzmindədir.

Və ömrü uzunu da bütün gərəkli işlərini görə-görə Vaqif Əlixanlının bir amalı oldu - çağdaşlaşaq, dünya ilə ayaqlaşaq, dünyanın üstünləri cərgəsində olaq. Amma heç zaman əslimizi, kökümüzü, ilk vətən dərsləri aldığımız yuvamızı unutmayaq.

Böyük Vətəni də həmişə o ilk, o məhrəm, o xudmani yuvamıza bəslədiyimiz hərarətli, soyumaz məhəbbətlə sevək!

P.S. Gərək bir dəfə Vaqiflə kəndimizə gedək - Qubaya, Yerfiyə!

Rafael Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik

525-ci qəzet

 

  • Paylaş: