Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
20.05.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir

Nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müşaviri, akademik Nəriman Quliyev ömrünün 88-ci ilində vəfat etmişdir.

Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinə daxil olmuş, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr etmişdir. N.Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə etmiş və respublikamızda bu sahədə geniş tədqiqatlar aparmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N.Quliyevin adı ilə bağlı olmuşdur. 1992-ci ildən isə Azərbaycan Respublikası müstəqil bir dövlət kimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv qəbul edilmiş və akademik N.Quliyev 1992-2003-cü illərdə həmin institutda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olmuşdur. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparmışdır.

Azərbaycan Respublikasının Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə yüksək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın inkişafına dair Dövlət müqaviləsi bilavasitə akademik N.Quliyev tərəfindən hazırlanmış və o, uzun illər ərzində bu sahədəki fəaliyyətə elmi rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə 1993-cü ildə AMEA Fizika İnstitutu “ATLAS” layihəsinin icraçıları sırasına daxil edilmişdir. Bu illər ərzində akademik N.Quliyevin rəhbərliyi ilə institutun əməkdaşları tərəfindən bu layihə çərçivəsində 200-dən çox elmi məqalə dərc edilmişdir.

Akademik uzun illər ərzində respublikamızda elmin inkişafına mühüm töhfələr vermiş və akademiyanın aparıcı institutlarından olan Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 25 ildən artıq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən alim bu illər ərzində respublikamızda elmi potensialın qorunub saxlanılması, Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və yeni tələblərə uyğun islahatların aparılması proseslərinin bütün mərhələlərində fəal iştirak etmiş və bu sahədə qəbul edilmiş qərarlarda yüksək peşəkarlığı ilə fərqlənmişdir.

Akademik N.Quliyevin həmmüəllifi olduğu “Neytrino” kitabı elementar zərrəciklər fizikası sahəsində Azərbaycan dilində yazılmış ilk və əhəmiyyətli elmi-kütləvi vəsaitdir.

Akademik uzun illər ərzində SSRİ Elmlər Akademiyasının nüvə fizikası sahəsində Koordinasiya Surasının üzvü olmuşdur. Xidmətlərini nəzərə alaraq 2011-ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif etmişdir.

Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Alim iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri, Türkiyə Fizika Cəmiyyətinin medalı ilə təltif olunmuşdur.

Tanınmış alim və səmimi insan Nəriman Quliyevin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Görkəmli alimlə vida mərasimi saat 13:00-da AMEA-nın Əsas binasında keçiriləcək.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: