Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elm adamının poetik axtarışları
18.10.2018 09:09
  • A-
  • A
  • A+

Elm adamının poetik axtarışları

Əgər elm, siyasət, dövlət xadimi, yaxud iş adamı, xüsusilə öz sahəsində yüksək uğurlar qazanaraq cəmiyyətdə tanınmış şəxs əlinə qələm alıb şeir yazmağa mənəvi ehtiyac duyursa, bu, müəllifin müvafiq sahədəki bütün, şöhrətinə baxmayaraq, ilk növbədə, geniş ictimai məzmun daşımayan subyektiv hadisədir.

Və ona görə də ədəbi tənqid belə yaradıcılığa, deməzdim ki, ciddi yanaşmır, sadəcə olaraq, peşəkar poeziya səviyyəsini, yaxud keyfiyyətini "həvəskar"dan tələb etməməklə ona, bir növ, güzəştə gedir. Ancaq bu güzəştin də öz fenomenologiyası var: "həvəskar"ın poetik yaradıcılıq təşəbbüsündə poeziya "peşəkar" fəaliyyət hüdudlarını hər hansı halda genişləndirməklə insan təbiətinin, ruhunun özünüifadəsində həmin "peşəkar" miqyasının heç də tamamilə həlledici olmadığını göstərir.

Hafiz Əlimərdanlı görkəmli kimyaçı, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür. Həmkarları, xüsusilə akademik Vaqif Abbasov onun elmi araşdırmalarının əhəmiyyətindən, alim nüfuzundan ehtiramla bəhs edir. Onu da vurğulayırlar ki, Hafiz Əlimərdanlı bədii yaradıcılığa gənc yaşlarından başlasa da, müxtəlif janrlardakı şeirlərini yalnız son illərdə üzə çıxarır. Artıq iki kitabını nəşr etdirmişdir. Və akademik Vaqif Abbasov "Kimyaçı alim - lirik şair" məqaləsində Hafiz Əlimərdanlını yalnız görkəmli alim yox, həm də istedadlı şair kimi qiymətləndirir.

Şairin "Azərbaycanım mənim" kitabına yazdığı ön sözdə isə Oqtay Sarıcalı göstərir ki, "Hafiz müəllim görkəmli alim olmasaydı, yəqin ki, görkəmli şair olardı".

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Lahıc qəsəbəsində dünyaya gəlmiş Hafiz Əlimərdanlı yetmiş yaşını başa vurub səksənə doğru gedir. Və bu yaşında yalnız gənclik şeirlərini üzə çıxarmaqla kifayətlənməyib, eyni zamanda, yeni şeirlər yazıb nəşr etdirirsə, bu, təsadüfi deyil... "Azərbaycanım mənim" kitabı poetik yaradıcılığının istər ideya-məzmun, istərsə də bədii forma axtarışlarına görə imkan verir ki, Hafiz Əlimərdanlıya heç bir tərəddüdsüz şair deyək.

Əlbəttə, hər bir azərbaycanlının, xüsusilə hər bir Azərbaycan ziyalısının Azərbaycanla qürur duyması yalnız mənəvi deyil, həm də intellektual ehtiyac; yalnız ehtiyac yox, həm də elə bir tarixi məsuliyyətdir ki, yüzillər keçsə də, xüsusilə ziyalının tərcümeyi-halında qalaraq nəsil-nəsil ötürülür. Və "Azərbaycanım mənim" kitabı göstərir ki, Hafiz Əlimərdanlı ruhu, düşüncə tərzi, ümumən təbiəti etibarilə vətənpərvər ziyalıdır. Və ona görə də cəsarətlə deyir ki, "Yazılmışdır neçə əsər, neçə dastan Tarixindən, Azərbaycan, Azərbaycan!.. Ürəyimdə, sözümdəsən, Azərbaycan! Demək, mənim özümdəsən, Azərbaycan!.. Getsəm hara, mənimləsən, Azərbaycan, Nəğmə dolu qəlbimdəsən, Azərbaycan!"

Şair-ziyalı Azərbaycanın müstəqilliyini, bu müstəqilliyin get-gedə daha da möhkəmlənməsini, ölkənin əzmlə addımladığı demokratik inkişaf yolunu tərənnüm etdiyi kimi, müstəqilliyimizi, inkişafımızı gözü götürməyənləri də hiddətlə qınayır... Dünyaya gəldiyi diyarın - Lahıcın qeyri-adi gözəlliyindən, eşq-məhəbbət hisslərinin müqəddəsliyindən, dostluğa sədaqətdən, elmin qüdrətindən yazanda da Hafiz Əlimərdanlı həmişə səmimidir. Və bu səmimiyyət onun şeirlərində hərdən bir özünü göstərən poetexnoloji kəm-kəsirin də üstündən keçməyə imkan verir.

Son zamanlar qəzələ daha çox meyl etməsinə gəldikdə isə, düşünmək olar ki, bu, hər bir qələm adamının yaradıcılıq sirridir... Ancaq bir məsələ tamamilə aydındır ki, şairin həmin janrla bağlı öz üslüb təsəvvürü var:

Qəzəl desəm, anam deyən dildə gərək,

Qəzəl yazım qəlbdən gələn sözlə gərək.

Söz tapmasam bir azacıq düşünərəm,

Başqa dildən söz yazılsın, niyə gərək.

... Qəzəl ruhu oxşayanda gözəl olur,

Gözəl görsəm, ürək qəzəl deyə gərək.

... Səndən qabaq çox ustadlar qəzəl yazmış,

Növbə, Hafiz, çatıb sənə, elə gərək.

Hafiz Əlimərdanlı qəzəldə ictimai-siyasi mövzulara xüsusi meydan verir:

Gələn bir kəlmədir qəlbdən, sevda ilə dolu candan, 

Haqq yolunda çarpışan vətənimdir Azərbaycan.

...Odur məskən gələcəkdə övladımın övladına,

Həm həyatda mənə arxa, yaşadığım geniş məkan.

... Lazımdırsa, çağır indi, oğullarım, haydı gəlin, 

Dayanaram ön sırada, bir dəfəlik versən fərman

... Hafiz, darıxma ki, Tanrı, əzəl gündən rəva bilib,

Arxayın ol, vətən durar, dəyişsə də əgər dövran.

Məlumdur ki, qəzəl duyğusallıq, hisslərin aşiqanəliyini tələb edir, burada ictimai-siyasi mətləblərdən bəhs eləmək çətindir, ancaq şair istedadını əsirgəmir:

Səndən aldım duz-çörəyi, namərd ollam onu dansam,

Sənsən mənim ilk sevgilim, vuran qəlbim, Azərbaycan.

... Bu torpaqda ilham aldı neçə şair, neçə alim,

Nəsillərə körpü saldı ana dilim, Azərbaycan.

Və Bakıdan danışmaq da elə Azərbaycandan danışmaq deməkdir:

Bakı nə əcəb ki, mənim qismətim  oldu,

Ey dad, necə gözəl şəhər sərvətim oldu.

Heç bilmədim həyatımda kim kimi tapdı,

Hər ötən sənli günüm böyük şöhrətim oldu.

... Fəxr et Hafiz, doğma Bakı dünyanın gözüdür,

Azərbaycan mənim məsud dövlətim oldu.

Hafiz Əlimərdanlı hər bir həqiqi Azərbaycan ziyalısı, alim-intellektualı kimi ana dili - Azərbaycan dili ilə fəxarət duyur:

Dilim şirin, dilim şəkər, nəzmi qanan olan yerdə,

Dilim qayda, dilim qanun, alim insan olan yerdə.

Layla deyib anam mənə, ürəyindən gələn sözlə,

Böyümüşəm öz dilimdə nağıl, dastan olan yerdə.

...Hafiz, sözün söylə əgər, başa düşüb qanan olsa,

Məsləhətdir susmaq yenə, qanmaz, nadan olan yerdə.

Əlbəttə, o yerdə ki qəzəl var, orada eşq-məhəbbət var:

Söylə bir nədəndir tutuldu çöhrən, anlamadım mən,

İnciyib üzünü döndərdin məndən, anlamadım mən.

Sevənlər arası söz-söhbət olar, söyləyir hamı,

Məqsədin incitmək olmuşdur qəsdən, anlamadım mən.

...Leyli də, Məcnun da bilirsən, Hafiz, əfsanə olub,

Bu eşqdən, sevgidən danışır Vətən, anlamadım mən.

Şair son beytdə "keçmişlər"ə zərif bir tənə ilə eyham vurur ki, onun eşqi olan yerdə gərək Leyli-Məcnun əfsanəsi yada düşməsin... Vaxtilə Füzuli yazırdı ki, "Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi- sadiq mənəm, Məcnunun ancaq adı var"... Və əlavə edirdi: "Sürdü Məcnun dövranın, indi mənəm rüsvayi- eşq, Doğru derlər hər zaman bir aşiqin dövranıdır"... Təbii ki, qəzəl yazan hər kəs aşiqdir, dövran onun dövranıdır... 

Qədrini mən bilirəm, o zülfünü yan darasan,

Baxışından, ahu-ceyran kimisən, bəsimdir.

Səni görəndən Məcnuni-divanə deyiləm,

Könlümün həm sevinci, həm qəmisən, bəsimdir.

... Ol şuxla Hafiz, qəm-kədərə şərik olasan,

Desinlər, xoş əziyyətlər çəkmisən, bəsimdir.

Aşiqin heyranı olduğu gözəllər nə mücərrəddir, nə də çox uzaqdadır. Və "Bakı gözəlləri" müəllifini bu baxımdan da vətənpərvər hesab eləmək olar...

Aşikar var Bakıda nazlı dilbər gör nə qədər,

Görəndə qalmayır heç candan əsər, gör nə qədər.

... Zülfünü sübh tökübdür yenə də sinəsinə,

Gördüyüm o tablodan canlı əsər, gör nə qədər.

... Bakının küləyi tək, fikrini tez dəyişər,

Dediyi, həm əməli başqa təhər, gör nə qədər.

Xəzərin dalğaları oxşayıbdır çöhrəsini,

Özü əsmər, işlətməz müşkü-ənbər, gör nə qədər.

Axır ki, Hafiz, Bakının vəfalı dilbərinin

Vəslinə söz deməyə etdin hünər, gör nə qədər.

Heç şübhəsiz, poeziyada ənənəvi janrların "dil"i ilə həsbi-hal etmək zahirən adama asan gəlir, ancaq mahiyyətə varanda görürsən ki, bunun da öz çətinliyi var. Ənənəvi və ya klassik janra müraciət tələb edir ki, mövcud poetexnoloji imkanlar sadəcə təkrarlanmasın, həm də yeni əhval-ruhiyyə ifadə etsin, yeni söz deyilsin. Hafiz Əlimərdanlının qəzəlləri üçün səciyyəvi əlamətdir ki, müəllif ümumən, "köhnə" janrı öz düşüncələrinin, ovqatının "dil"ində danışdıra bilir. 

Və şair qəzəllə kifayətlənmir, hərdən rübai dünyasına da baş vurur... Və hərdən bir ortaya bədii incilər də çıxarır:

Dostu cavanlıqda bir-bir qazandım,

Ahıl yaşlarımda itirdim, yandım.

İndi bir dost qalar mənimlə yalnız,

Təkcə xatirəmi son dostum sandım.

Bir çıraq yandırdın, desəm, ay mələk,

Yaratmaq eşqimə eylədin kömək.

Yüz mələk yığılsa yarada bilməz,

Yüzdən birisini yaratsa ürək.

Və Hafiz Əlimərdanlının bu sözü də şair-mütəfəkkir sözüdür ki, deyir:

Ah, nə böyük əziyyət,

Cismim bu dünyada illərlə qalsa.

Ah nə böyük səadət,

İsmim bu dünyada dillərdə qalsa.

Nizami Cəfərov, akademik

525-ci qəzet

  • Paylaş: