Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Elmin İnkişafı Fondu tərəfindən “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi elan edilib
17.10.2018 13:24
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondu tərəfindən “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi elan edilib.

Müsabiqənin elan olunmasında məqsəd elmi-tədqiqat institutlarının, akademik və ali təhsil sistemindəki elmi müəssisə və təşkilatların, institut və laboratoriyaların, bölmə və mərkəzlərin, digər uyğun strukturların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, aqrar elmin ayrıca götürülmüş istiqamətlərinin inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək üçün adıçəkilən qurumlardan olan alim və yüksək ixtisaslı mütəxəssislərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş müxtəlif xarakterli layihələri qrantlar verilməsi yolu ilə maliyyələşdirməkdir. Müsabiqə aqrar elm sahəsində multidissiplinar və beynəlxalq araşdırmaların dəstəklənməsinə, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradacaq. Layihələrdə maliyyə (stimullaşdırıcı əməkhaqqı) və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq kadr hazırlığı (ezamiyyətlər yolu ilə) da nəzərdə tutulur.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 300 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün layihələr 2018-ci il oktyabrın 22-dən dekabrın 21-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2019-cu ilin I yarısında açıqlanması planlaşdırılır.

Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN İmza”dan istifadəni nəzərdə tutur.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində “e-QRANT” sisteminə qoşulma və ondan istifadə üzrə, həmçinin qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: