Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hər əsəri yeni bir tapıntı idi
10.10.2018 09:20
  • A-
  • A
  • A+

Hər əsəri yeni bir tapıntı idi

Həyatda elə insanlar olur ki, onların ömrü parlaq bir səma cisminin uçuşuna bənzəyir: qısa, sürətli, lakin olduqca dolğun, mənalı, gözəl bir həyat yolu keçirlər. Və öz varlıqları ilə yaşam tərzlərini o qədər zənginləşdirir, həyatda elə dərin izlər buraxır, özləri haqqında o qədər xoş təəssürat yaradırlar ki, onların yoxluğu ilə heç vəchlə barışmaq olmur, bu yoxluq uzun zaman həmin insanları tanıyanları için-için ağrıdır. Belə şəxsiyyətlərdən biri də Aida İmanquliyevadır - görkəmli şərqşünas-alim, mahir elm təşkilatçısı, istedadlı pedaqoq, bənzərsiz xanım, vəfalı həyat yoldaşı, fədakar ana. Aida xanımın həyatdan getməsi bizim institut üçün çox böyük itki oldu, bu itki ilə hələ də barışa bilmirik və onun ağrı-acısını indi də duyuruq. Hər işdə, hər tədbirdə yeri görünür Aida xanımın. Düşünürsən, sağ olsaydı öz biliyi, bacarığı, təmkini ilə bu işlər, tədbirlər daha gözəl alınardı.

Dərin nəzəri bilikləri, analitik təfəkkürü, yüksək erudisiyası, geniş mütaliəsi, bir neçə Şərq və Qərb dilini bilməsi sayəsində apardığı tədqiqatlar, yazdığı əsərlər qısa bir vaxtda ona nəinki keçmiş Sovetlər Birliyində, hətta əksər xarici ölkələrdə böyük şöhrət qazandırmışdır. Hər əsəri elmdə yeni söz, yeni tapıntı idi. Görkəmli şərqşünas-alim Azərbaycanda ərəbşünaslıq üzrə ilk filologiya elmləri doktoru, professor idi.

Aida xanım elmin enişli-yoxuşlu yollarını pillə-pillə keçmiş, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlmişdi.

1989-cu ildə Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru dərəcəsi və tezliklə bu ixtisas üzrə professor adı almışdır.

Üç monoqrafiya ("Mixail Nüaymə” və "Qələmlər birliyi”, 1975, "Cübran Xəlil Cübran”, 1975, "Yeni ərəb ədəbiyyatının korifeyləri”, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika xarici ölkə xalqları ədəbiyyatı” ixtisası üzrə Müdafiə Şurasına sədrlik etmişdir. O, Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə - Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s. yerlərdə təmsil etmişdir.

Görkəmli alim elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamışdır. Onun rəhbərlik etdiyi "Ərəb filologiyası” şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə olunmuşdur. Aida xanım Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Eyni zamanda Aida xanım uzun illər pedaqoji fəaliyyətlə səmərəli məşğul olmuş, Azərbaycan Dövlət Universitetində (indi BDU) ərəb ədəbiyyatı fənnindən mühazirələr oxumuşdur.

Professor A.İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. O, Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Alimin tədqiqatları nəticəsində mütləq bir həqiqət müəyyənləşmişdir: Şərqin bir çox ölkələrinin müasir inkişafı bir həqiqəti ortaya qoyur - Qərbin mədəni dəyərləri o zaman yerli zəmində kök sala və onu zənginləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsin. Aida xanımın çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması araşdırılır ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır.

Bir vaxtlar Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. Şükürlər olsun ki, o zamanlar artıq arxada qalıb, ön plana isə qarşıdurma yox, sivilizasiyaların dialoqu və ortaq mədəni-mənəvi dəyərlər çəkilib. Lakin elə o dövrdə yetişən və alim kimi formalaşan nadir istedad sahibləri vardı ki, zamanı qabaqlayaraq problemə ideoloji aspektdən fərqli olaraq universal modellər, ümumbəşəri dəyərlər müstəvisində yanaşırdılar. Professor Aida İmanquliyeva məhz belə alim-tədqiqatçılardan idi.

Bir alim kimi Aida xanımın maraq dairəsi geniş və çoxşaxəliydi. Bununla belə, onun elmi fəaliyyətinin əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı idi.

XIX əsrin axırlarında bir çox ərəb ölkələrinin, ilk növbədə Livanın ictimai-siyasi-iqtisadi həyatında müşahidə edilən problemlər insanları vətəni tərk edib kütləvi şəkildə Amerikaya üz tutmağa vadar etdi. Yaradıcı ziyalıların ABŞ-a, xüsusilə də Nyu-York şəhərinə mühacirəti ilə ərəb məhcər ədəbiyyatının təşəkkülü başladı ki, bu da nəticədə yeni ərəb ədəbiyyatının formalaşmasında əhəmiyyətli rol oynayan xüsusi və özünəməxsus "Suriya-Amerika məktəbi”nə çevrildi. Ərəb ədəbiyyatını fəal şəkildə əcnəbi ədəbiyyatların təcrübəsinə qoşmaq yolu ilə onu yeniləşdirmək rolu "Suriya-Amerika məktəbi”nin aparıcı nümayəndələrinin üzərinə düşdü.

Aida xanımın çoxsaylı və gərgin araşdırmaları sayəsində bir çox nəticələr əldə edilmişdir: Ərəb məhcər ədəbiyyatı yazıçılarının yaradıcılığının əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərlərini yenilik ruhunda əxz edib mənimsəmiş və yeni formada ifadə etmiş, onların nailiyyətlərinin ən yaxşı milli ənənələrlə sintezdə təcəssümünü irəli sürmüşlər. "Suriya-Amerika məktəbi”nin ən istedadlı təmsilçiləri əcnəbi ədəbiyyatlarının məhz ərəb ölkələrinin ən mühüm ictimai inkişaf tələblərinə cavab verən nailiyyətlərini mənimsəmişdilər. Bu ədiblərin fəaliyyəti sayəsində XX əsrin əvvəllərində ərəb ədəbiyyatı regional birliklər çərçivəsində qapanıb qalmaq ənənəsini dəf edə və dünya ədəbi prosesinə fəal şəkildə qoşula bilmişdir. "Suriya-Amerika məktəbi” yazıçılarının yaradıcılığı qeyri-adi vəziyyətin nümunəsi oldu - onun əlaqə dairəsinə eyni vaxtda üç ənənə: "göl məktəbi”, Amerika transsendentalizmi və rus ədəbiyyatının tənqidi realizmi daxil oldu. Bunları təhlil edən tədqiqatçı yazırdı: "Ədəbi faktların təsviri, müqayisəli təhlili və öyrənilməsi yeni ərəb ədəbiyyatının formalaşmasına dair təsəvvürləri nəinki genişləndirir, həm də Şərqin yeni ədəbiyyatının tarixi inkişafının mürəkkəb və ziddiyyətli formalarının tipoloji baxımdan həqiqi mənzərəsini canlandırdı. "Suriya-Amerika məktəbi”nin adı çəkilən üç cərəyanla təmasının nəticəsi burada müəyyən bədii metodların formalaşması oldu: "göl məktəbi” və transsendentalizm Cübran və ər-Reyhaninin yaradıcılığında romantik metodun təşəkkül tapmasına səbəb oldusa, rus ədəbiyyatı ilə əlaqə və ünsiyyət isə realist Nüayməni formalaşdırdı”.

Tədqiqatçı məhcər ədəbiyyatının yaradıcılarının ədəbi-bədii üslubunun bütün incəliklərini tədqiqat obyektinə çevirir: "Mühacir yazıçılar yeni ədəbi üslubun yaradıcıları idilər. Onlar mümkün olan qədər bu üslubu arxaizmlərdən, ağır sintaktik quruluşlardan, müxtəlif növ süni bəzək yığınından azad etmişlər. Bununla bərabər, onlar ərəb klassik ədəbiyyatının ənənə və dəyərlərinə qayğılı münasibət nümayiş etdirmişlər”.

Alim ərəb məhcər ədəbiyyatının ən müxtəlif bədii üsluba malik nümayəndələrinin yaradıcılığını araşdırdı: Mixail Nüaymənin yaradıcılığında rus ədəbiyyatının təsiri ilə formalaşan tənqidi realizmi öyrəndi, Cübran Xəlil Cübranın yaradıcılığında ingilis poeziyasının təsiri ilə romantizm üslubunun inkişaf prosesini izlədi, Amerikan transsendentalistlərinin Əmin ər-Reyhaninin və digərlərinin yaradıcılığında oynadığı rolu müəyyənləşdirdi. Bu zaman o, yüzlərlə mənbəyə müraciət edir, yazıçıların əsərlərini təhlil edir, onların yaradıcılıq metodunu, dünyagörüşünü, nəsr və poeziya dillərinin təkamülünü, lirizmi, müxtəlif qəhrəman obrazlarının xüsusiyyətlərini tədqiq edir, dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinin məğzi və əhəmiyyətini tam aşkara çıxarır, ərəb məhcər ədəbiyyatının ən görkəmli nümayəndələrinin bədii üslubunun formalaşmasında Qərb və rus ədəbiyyatlarından mənimsəmə prosesi və onun nəticələrini müəyyənləşdirir.

Tədqiqatçının gəldiyi qənaətə görə, ədəbi inkişaf prosesinin gedişində maarifçi didaktizm, sentimentalizm cizgiləri sözügedən ərəb yazıçıları tərəfindən aradan qaldırılmış, romantizm və tənqidi realizmin poetikası mənimsənilmişdir. Beləcə onlar içərisində olduqları tarixi gerçəkliyi əks etdirmək üçün çox zəruri olan yeni ideya və yeni formaları özündə daşıyan Qərb mədəniyyəti və ədəbiyyatının nailiyyətlərindən yaradıcı surətdə faydalanmışlar.

Bu yazıçıların hər biri öz yaradıcılıq metoduna xas olan etik və bədii dəyərlər ehtiyatını işə salaraq onu özünəməxsus şəkildə bədii təcrübədən keçirmişdir. Cübran və ər-Reyhani Qərb romantizminə müraciət etmişlər. Lakin ərəb romantik şairlərindən fərqli olaraq, bu yazıçılar romantizmin yalnız zahiri xüsusiyyətlərini mexaniki şəkildə qəbul etməmiş, onu yaradıcı metod kimi mənimsəmişlər, yəni onlara ərəb gerçəkliyinə öz münasibətlərini ifadə etmək imkanı verən yeni nəzər nöqtəsi kimi yanaşmışlar. Onlar ilk olaraq maarifçiliyin artıq daralmış çərçivəsini qıraraq romantizm cəbhəsinə keçmişlər. Cübranın və ər-Reyhaninin yaradıcılığında romantik istiqamət nəinki mənimsənilmiş, həm də zənginləşmiş və mürəkkəbləşmişdir. Bu, bir tərəfdən, ərəb ədəbiyyatının xüsusi ənənələri ilə Qərb romantizmi təcrübəsinin mürəkkəb sintezi nəticəsində, digər tərəfdən isə, hər iki sənətkarın fərdi istedadı sayəsində baş vermişdir. Beləcə onlar ümumbəşəri problemlərin qoyuluşu səviyyəsinə yüksəlmiş və dünya ədəbi prosesinin nəinki bərabərhüquqlu iştirakçısı olmaq, həm də yeni bədii dəyərlərin dünya ədəbiyyatına ötürücüsü kimi çıxış etmək imkanı qazanmışlar.

Aida xanım araşdırmalarının sonunda belə bir müddəa irəli sürür ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən faydalanmaqda ilk növbədə məhcər ədəbiyyatının nümayəndələrinə borcludur. Məhcər yazıçıları Qərb ədəbiyyatının pozitiv təsiri orbitində olaraq onun ən yaxşı nailiyyətlərini mənimsəmiş və özlərinə məxsus şəkildə inkişaf etdirmişlər. Öz əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlaya bilən yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynamışlar. Məhz bu ədiblərin yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənmiş, janr quruluşu daha da rəngarəng olmuş, bədii ifadənin yeni formaları yaranmış və ərəb ədəbiyyatı ümumbəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Bütün bunlarla bərabər, Aida xanım tədqiqatlarında mövzu ilə əlaqəli ümumbəşəri elmi-ədəbi və fəlsəfi fikrində mövcud olan müxtəlif ideya cərəyanlarını, onların xüsusiyyətlərini, tətbiq sahələrini öyrənmiş və nəzəri təhlillər aparmışdır.

Aida xanımla 15 il birgə çalışan bir insan kimi bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Ulu Tanrı Aida xanımı yaradarkən çox səxavətli olmuş, ona şəxsi və intellektual keyfiyyətlərlə yanaşı, qibtəedici zahiri gözəllik də bəxş etmişdi. Onun gözəlliyini vəsf etmək üçün, bəlkə də, Füzuli qələmi, Ələsgər sözü gərəkdir. Aida xanımın həyatdan erkən getməsi onun həmkarlarını və tələbələrini hədsiz dərəcədə kədərləndirdi, sarsıtdı.

Gələn il görkəmli şərqşünas-alim, elm təşkilatçısı, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın 80 illik yubileyidir. Yaşasaydı, ailəsi, həmkarları, tələbələri ilə birlikdə bu günü fərəhlə qarşılayardı. Çox təəssüf ki, onun ömür yolu qısa oldu. Amma onsuz ötən illər bir həqiqəti də ortaya qoydu: Aida xanım bizdən yalnız cismən ayrılıb. Adı dillərdən düşmür, xatirəsi ürəklərdən silinmir. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Nə qədər ki onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar aktuallığını itirməyib, nə qədər ki Şərq-Qərb münasibətlərində tam harmoniya bərqərar olmayıb, insanlar yenə və yenə də Aida İmanquliyevanın əsərlərinə müraciət edəcək, gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaq.

Gövhər Baxşəliyeva, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik

"Azərbaycan" qəzeti, 10 oktyabr 2018-ci il

  • Paylaş: