Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

E-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması üçün yeni metod təklif olunub
04.10.2018 13:26
  • A-
  • A
  • A+

E-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması üçün yeni metod təklif olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və institutun elmi işçisi Günay Niftəliyevanın həmmüəllifi olduqları “Extracting social networks from e-government by sentiment analysis of users comments” (İstifadəçi şərhlərinin sentiment analizi əsasında e-dövlət mühitindən sosial şəbəkələrin çıxarılması) adlı məqalə “Scopus” elmi bazasında indeksləşən “Electronic Government” adlı yüksək reytinqli beynəlxalq jurnalda çap olunub.

Məqalədə dövlət əleyhinə təbliğatın qarşısının alınması üçün metod təklif olunub. Metodda sentiment analiz, “opinion mining”, “text mining” və sosial şəbəkə analizi üsullarından istifadə olunub. Təklif olunmuş metodda vətəndaşların e-dövlət mühitində yerləşdirilən sənədlərə yazdığı şərhlər əsasında gizli sosial şəbəkələr və onlar arasında münasibətlərin dərəcəsinin müəyyən olunması nəzərdə tutulub. Bu məqsədlə əvvəlcə şərhlər analiz olunub, qruplaşdırılıb və onların içərisində heç olmasa bir dəfə mənfi şərh yazan istifadəçilər arasından gizli sosial şəbəkələr aşkarlanıb. Aşkarlandıqdan sonra bu sosial şəbəkələrdən əsas aktorlar müəyyən olunub. Bununla yanaşı, məqalədə müxtəlif mühitlərdə sosial şəbəkələrin çıxarılması metodları, eləcə də e-dövlətin idarəolunmasında sosial şəbəkələrin rolu haqqında məlumat verilib.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, “Scopus” (Elsevier), “Academic OneFile” (Gale), “Asian Digital Library”, “DBLP Computer Science Bibliography”, “Google Scholar” və digər nüfuzlu elmi bazalarda indeksləşən “Electronic Government” jurnalı e-idarəetmə, e-demokratiya və e-səsvermə sahəsində, o cümlədən insan-kompüter qarşılıqlı əlaqəsi, hökumət xidmətlərində Əşyaların İnterneti, idarəetmədə bulud hesablama tətbiqləri, verilənlər anbarı və “data mining” istiqamətlərində aparılan tədqiqatları əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: